Siyasət 15:27 04.08.2022

İran KİV-in Azərbaycana yanaşması rəsmi Tehranın fikirlərinə ziddir - Ekspert

"İranın həm inqilab keşişçiləri qvardiyası, həm xəbər agentliyi əvvəlki ampuluasındadır. Azərbaycana qarşı təhdid, Azərbaycanın apardığı haqq işini təhrif etməklə məşğuldur”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Sədrəddin Soltan İranın "Fars-news” xəbər agentliyinin Azərbaycanın dünən keçirdiyi "Qisas” anti-terror əməlyyatı ilə bağlı yaydığı məlumata aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, İran mediasının yanaşması İran rəsmilərinin bəyan etdikləri fikirlərə ziddir.  
 
Sədrəddin Soltan deyir ki, İran tərəfinin 44 günlük müharibə ərəfəsində və ondan sonrakı dövrdə Azərbaycana qarşı münasibəti xoş olmayıb:
 
"Və son zamanlar, yəni bir il ərzində iki ölkə arasında münasibətlərin tənzimlənməsi normallaşmaya başlayıb. Bunun da əsas günahı İran tərəfdə olub. İran tərəf Azərbaycana qarşı böhtanlar və şayiələr atır və s. Yeri gəlmişkən, "Fars-news” xəbər agentliyi Azərbaycanın dünən keçirdiyi "Qisas” anti-terror əməlyyatı ilə bağlı yaydığı məlumatda ermənilərin təbliğatına uyub. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatda Dağlıq Qarabağ ifadəsi işlənilmir, oradakı separatçılarla bağlı məsələlər vurğulanmır, amma İran tərəfi Dağlıq Qarabağ ifadəsi işlətməklə orada Azərbaycanın guya Dağlıq Qarabağda hansısa əraziləri işğal etməsi ilə bağlı xəbər yayıb”.
 
Politoloqun fikirincə, İran hakimiyyəti indi yox, Azərbaycan torpaqları işğal altında olarkən ora qüvvə yığmalı və öz sərhədini separatizmdən, orada baş verən qanunsuz hərəkətlərdən qorumalı idi:
 
"Amma Azərbaycan torpaqlarını işğaldan təmizlədikdən sonra iki ilə yaxın müddət keçir, İran həmin əraziyə, yəni işğaldan azad olunan torpaqlar istiqamətində ikinci dəfədir ki, İran inqilab keşişçiləri qvardiyasının qoşunlarını (SEPAH) yığır, yaxud orada təlim keçir. Bu, Azərbaycana qarşı təhdid, sayğısızlıq və Azərbaycanı bir növ hədələməkdir. Bu, həm də Ermənistan tərəfə xoşməramlılıq göstərmək çəhdidir”.
 
Bahar Rüstəmli