Xəbər lenti

İran və Rusiya ABŞ-ın siyasi gündəmində: mistika Rusiyaya nə vəd  edir?..
Siyasət05:45 09.02.2021

İran və Rusiya ABŞ-ın siyasi gündəmində: mistika Rusiyaya nə vəd edir?..

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Belə bir məşhur deyim var ki, hər bir yeni şey yaxşı unudulmuş köhnəlikdir. Bu mənada hiss olunur ki, ABŞ-ın yeni prezidentinin İran siyasətində ifrat yeni heç nə olmayacaq: ölkənin yeni siyasi və diplomatik elitası, Co Baydenin yeni administrasiyası əsasən ya Barak Obama vaxtı mühüm postlar tutan adamlardan, ya da ki, Tehranla nüvə sazişinin əldə olunmasında fəal iştirak edən kadrlardan ibarətdir.
İndi ehtimal belədir ki, prezident Bayden İranla köhnə razılaşmanı bərpa edəcək. Amma burada iki məqam var.
Birincisi, hazırda təkcə İsrail yox, hətta başda Səudiyyə Ərəbistanı olmaqla ərəb ölkələri də İrana yönəlik siyasətin mülayimləşməsinin əleyhinə çıxış edirlər. Belə vəziyyət bir tərəfdən sevindirir, çünki bu, ona dəlalət edir ki, artıq ərəb ölkələri də özlərinin məxsusi regional siyasətlərini formalaşdırmağa çalışırlar. Amma bu, daha çox onun nəticəsidir ki, Səudiyyə Yaxın Şərqin lider ölkəsi olmağa iddialıdır. 
İkincisi, ABŞ-ın qeyri-ardıcıl, dayanıqsız siyasəti İran mühafizəkarlarının mövqelərini gücləndirir, onlar həmişə olduğu kimi Vaşinqtonla heç bir danışıq aparmamağa çağırırlar. Amma mühafizəkar qanadın mövqeyi ölkənin sosial-iqtisadi durumundan yanaşanda elə də davamlı görünmür. Əlbəttə, İranda aclıq yoxdur, amma demək ki, ölkə iqtisadiyyatı ilə bağlı hər şey qaydasındadır, bu, böyük yanlışlıq olardı.
Biz hələ ki, yeni administrasiyanın İran siyasətinin konturlarını tam cızmağa acizik, amma hiss olunur ki, bu siyasət Tramp dövründəkindən mülayim olacaq.
Fəqət bunu digər ölkə ilə, Rusiya ilə bağlı demək olmur. Ötən həftə, özünün xarici siyasətlə bağlı ilk müraciətində prezident Co Bayden belə dedi ki, ABŞ-ın Rusiyanın aqressiv hərəkətləri qarşısında geri çəkildyi vaxtlar daha arxada qalıb. Üstəgəl, ruslar özləri, onların siyasətçiləri və diplomatları gizlətmirlər ki, ölkələri üçün çətin günlər gəlir. Ehtimal ki, C.Bayden bu ölkəyə qarşı köhnə sanksiyaları gücləndirməyəcək, həm də yeni-yeni sanksiyalar tətbiq edəcək.
Amma ruslar geri çəkilməyi də düşünmürlər. Bu günlərdə bir neçə avropalı diplomat ölkədən qovuldu və səbəb də bu oldu ki, onlar guya Navalnı tərəfdarlarının etiraz aksiyalarında iştirak ediblər. Qeyd edək ki, Navalnı tərəfdarları həftəlik aksiyaları dayandırdılar və belə bəyan etdilər ki, yazda daha möhtəşəm aksiyalar keçiriləcək. Onları prinsipcə başa düşmək mümkündür: onlar minimum proqramı həyata keçiriblər, dümokratik dünyanın diqqətini ölkələrindəki proseslərə cəlb edə bilib və kifayət qədər dəstək qazanıblar.
İkincisi, bu günlərdə Rusiyanın hakimiyyəti özünün bütün repressiv gücünü ortaya qoymuşdu: insanları saxlayır, işgəncə verir və cəzalandırırdılar. Aydın məsələdir ki, belə halda etirazçı elektoratı qorumaq zərurəti yaranır və hazırda Navalnı qərargahı da bunu edir.
Burada bir maraqlı detalı qeyd etmək istərdik. Söhbət Rusiya tarixinin on iki illik dövründən gedir. 
Biz bu haqda əvvəllər də yazmışıq. Söhbət nədən gedir? Əgər bazis ili kimi 1905-ci ili götürsək, belə bir mənzərə yaranar: 1917 (oktyabr çevrilişi), 1929 (kollektivləşmə), 1941 (Böyük Vətən müharibəsi), 1953 (Stalinin ölümü), 1965 (durğunluq dövrünün başlanğıcı), 1977 (əfqan kampaniyasının ərəfəsi), 1989 (SSRİ-nin çat verib dağılmağa başlaması) və s. Bəli, əgər bu mistikaya inansaq, növbəti tsikl 2025–ci ilə təsadüf edəcək. 2024-cü ildəsə Rusiyada növbəti prezident seçkiləri keçiriləcək!
Bir sözlə, dünya yeni qeyri-müəyyənlik zolağına daxil olur. İran və Rusiya ilə bağlı nə olacaq? Bu da istisna olunmur ki, ABŞ siyasətinin yeni təzyiq ünvanları meydana çıxacaq. Əlbəttə, başqa yanaşmalar və rəylər də var. Bəzi analitiklər hesab edir ki, ABŞ-ın siyasəti daha səlis və proqnozlaşdırılan olacaq. Nə demək olar? Gəlin gözləyək. Axı siyasət də bir az səbir tələb edən işdir...
Hüseynbala Səlimov