"ABŞ İrana hücum edərsə, bu ölkədən 1 milyon qaçqın ölkəmizə gələ, bu isə iqtisadiyyatımıza mənfi təsir göstərə bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi jurnalist Səxavət Məmməd Trampın hakimiyyətə gəlişilə İranın nüvə obyektlərinə zərbələr endirməsinin regionumuzu, Azərbaycanı hansı risklərlə üz-üzə qoyacağı məsələsini şərh edərkən deyib.
Səxavət Məmməd bildirib ki, Trampın ilk hakimiyyəti dövründə əsasən məhz İrana qarşı addım atıldı:
"O, həmin dövrdə də İrana təzyiq etmək, onu sıradan çıxarmaq istiqamətində fəaliyyət göstərirdi. Yenidən hakimiyyətə gələndən sonra da Trampın əsas hədəfi yenə də İran olacaq. Suriyanı hazırda onsuz da sıfırlayıblar. İndi də onun parçalanmasına çalışacaqlar. İsrail açıq şəkildə bəyan edir ki, türkmənlərə qarşı mübarizədə kürdlər onlara dəstək verəcək. Bununla da kürd dövlətinin yaranmasına çalışırlar. Görünən odur ki, Tramp da ona dəstək verir. Kürd dövlətinin yaranması isə həm İran, həm də Türkiyə üçün təhlükəlidir. Dolayısı ilə bu faktor iki rəqib ölkəni bir-birinə yaxınlaşdıracaq. İranın nüvə obyektləri hər zaman ABŞ-ındiqqətində olub. ABŞ və İsrail İran məsələsini bitirmək istəyir. Hazırda Yaxın Şərqdə onların qarşısında duran yeganə güc İrandır. Bu əsasda da Qərb İranı sıxışdırıb çıxarmaq üçün addımlar atacaq".
Ekspert hesab edir ki, İranın nüvə obyektlərinə zərbələr regionumuza da ciddi təsir göstərə və Azərbaycan da qaçqın axını ilə üzləşə bilər:
"İrandan gələcək 1 milyon əhali ölkəmizi ağır duruma sala bilər. Suriyadan Türkiyəyə gələn qaçqın axınının qardaş ölkənin iqtisadiyyatını hansı hala saldığını yaxşı bilirik".
Səxavət Məmməd qeyd edib ki, sözügedən vəziyyətdə ölkəmiz üçün yaranacaq ilk problem Azərbaycanın İrandan olan qaçqınları harada və necə yerləşdirməsi məsələsi ola bilər:
"Hələ özümüzün qaçqın problemini tam həll etməmişik. Hələ də yataqxanalarda, bəzi məktəb, bağça, hətta vaqonlarda qaçqınlar yaşayır. Digər problem adaptasiya prosesinin necə keçəcəyilə bağlıdır. Belə vəziyyətin ölkəmiz üçün təhdid yaradacağı da istisna deyil. Yəni bilmirik ki, sözügedən vəziyyətdə İrandan bura gələnlər təkcə mülki insanlar olacaq, yoxsa içərilərində kəşfiyyatçılar da olacaq. Hətta yaranmış vəziyyətdə prosesi qızışdırıb, Ermənistanla Azərbaycan arasında yeni münaqişə dalğasını da yarada bilərlər. Nəticədə region tamamilə nəzarətdən çıxa bilər. Azərbaycan üçün bu müstəvidə ən uğurlu variant İranda dəyişiklik olacaqsa, onun dinc yolla həll olunmasıdır".
Qeyd edək ki, ekspertlərin fikrincə, ABŞ-ın yeni prezidenti Donald Tramp İranın nüvə silahı hazırlamasının qarşısını almaq məqsədilə onun nüvə obyektlərinə qarşı qabaqlayıcı hava hücumlarına icazə verə bilər. Bu barədə "Wall Street Journal” mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Trampın komandası güclü iqtisadi sanksiyalarla yanaşı, hərbi güc və ya hərbi təhdiddən istifadə etməklə İranı çəkindirmək və nüvə proqramını pozmaq üçün maksimum təzyiq strategiyasını hazırlayır. Bu plan uğursuz olarsa, ABŞ daha döyüşkən mövqe tuta və birbaşa hərbi güc tətbiq etməklə İranı hədələyə bilər.
Aydındır ki, İranın nüvə obyektlərinin vurulması və bu ölkəyə hücum ona qonşu bölgələrə, Cənubi Qafqaz, xüsusən də Azərbaycan üçün də ciddi risklər yarada bilər.
Rüfət Sultan
Şərhlər