Xəbər lenti

İranın bu iddiaları tam əsassızdır, Prezident də bunu qətiyyətlə rədd etdi... (ŞƏRH)
Siyasət05:30 06.10.2021

İranın bu iddiaları tam əsassızdır, Prezident də bunu qətiyyətlə rədd etdi... (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran 30 illik işğal dövründə olduğu kimi həm 44 günlük savaş dövründə, həm də torpaqlarımız azad ediləndən sonra Azərbaycan dövlətinin dostcasına xəbərdarlıqlarına məhəl qoymayaraq, müxtəlif yollarla yenə də Xankəndiyə şübhəli yüklər daşımaqda davam edib, bu gün də bundan əl çəkmək fikrində deyil. Azərbaycanın diplomatik təmasları, hətta nota verməsi belə İranda heç bir müsbət dəyişiklik doğurmur. İran onun üçün heç də böyük gəliri olmayan, iqtisadiyyatında az qala hiss edilməz paya malik olan bu yükdaşımalardan niyə imtina etmir və ya bunu qanun çərçivəsinə salmır? İranın bu hərəkətini dost-qardaş dediyi, tarixi əlaqələri olan qonşu ölkəyə qarşı davam etdirməsini necə izah etmək olar?
Qaynarinfo-ya danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltanın fikrincə, İranın bu məsələdə hədəfi əslində yükdaşıma deyil: 
"İran göstərmək istəyir ki, istədiyi vaxt Azərbaycanın istəlinən bölgəsində fəaliyyət göstərə bilər. İranın əvəllər də bu cəhdləri olub. Torpaqlar 30 il işğal altında olan zamanda da İran Qarabağda qanunsuz fəaliyyətlə məşğul olub. İndi də İran iddia edir ki, guya Azərbaycanda İsrailin hansısa məntəqəsi, qoşunu, bazası var. Ona qarşılıq olaraq İran Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində qanunsuz fəaliyyətlə məşğuldur. Bütün bunlarla göstərmək istəyir ki, İsrail fəaliyyət göstərirsə, o da Azərbaycan torpaqlarında qanunsuz, Azərbaycanın suverenliyinə hörmət etmədən belə fəaliyyət göstərə bilər. Azərbaycan rəsmiləri əvvəllər də bəyan ediblər ki, Azərbaycan ərazisində İsrailin heç bir bazası, hərbi silahlı qüvvəsi və s. yoxdur.
Azərbaycanın İranla əməkdaşlıq etdiyi İsraillə də ticarət əlaqəsi var. İran bu məsələdə, heç şübhəsiz, daha çox öz gücünü göstərmək istəyir və Azərbaycana yenə də Ermənistan vasitəsi ilə təzyiqlər edir. Rusiya sülhməramlıları şərait yaratmazsa, İranın həmin ərazidə fəaliyyət göstərməsi mümkünsüzdür. Bu qanusuzluğa Rusiya yol verib. İranın həmin əraziyə keçməsi üçün icazəni Rusiya deyil, Azərbaycan tərəfi verməlidir. İran isə Rusiya sülhməramlılarına arxayın olaraq bu tip qanunsuzluqlara yol verir. Bu qanunsuzluqda İranla yanaşı, Rusiyanın da payı var. İkinci bir tərəfdən Gorus-Qafan yolundan da istifadə qanunsuzdur. Çünki həmin o yolda Azərbaycan ərazisi də var. İran Ermənistana yük daşıyanda Azərbaycan ərazisini qanusuz olaraq keçir. Bunun üçün 2020-ci ilin dekabrında Ermənistan və Azərbaycan arasında əldə edilmiş anlaşmaya üçüncü ölkənin keçidi məsələsi əlavə olunmalıdır. Belə bir əlavə də yoxdur. Həmin razılaşmada bildirilib ki, Gorus-Qafan yolu ilə Ermənistan yük daşıya bilər. Orada üçüncü bir dövlətin, İranın adı çəkilmir. Ona görə İranın həmin yoldan keçməsi beynəlxalq və Azərbaycan qanunlarına ziddir. Oradan qanunsuz keçənlər qaçaqmalçı sayılır, Azərbaycan ərazisinə qanunsuz keçənlər hesab olunurlar və məsuliyyətə cəlb olunmalıdırlar. 
Azərbaycan İrana qarşı həmişə xoşməramlı olub. Sadəcə olaraq, İran bu etibarı itirir və bu, davam etməkdədir. İranın Azərbaycana bu münasibəti hakimiyyətin artıq köhnəldiyindən xəbər verir. İran hakimiyyəti dəyişməlidir. Çünki dəyişmədiyi müddətdə İranın köhnə baxışları davam edəcək. Regionda yaranmış yeni şərtlər tələb edir ki, İran bu şərtlərə uyğun adaptasiya olunsun, İran isə nə dünyada, nə də Cənubi Qafqazda baş verən hadisələrə uyğunlaşa bilmir. Uyğunlaşa bilməmək, islahatlardan qaçmaq İranın bəlasıdır”.
Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Azərbaycan Prezidenti Cəbrayıl rayonunda yerli sakinlərlə görüşən zaman bir sıra aktual məsələlərə toxunaraq bununla bağlı Azərbaycanın rəsmi mövqeyini bir daha bəyan etmiş oldu:
"Hər şeydən öncə Azərbaycan Prezidenti Azərbaycanın yaratdığı yeni reallığa diqqət çəkərək qeyd etdi ki, bu reallıq hər kəs tərəfindən qəbul edilməlidir. Azərbaycanın hazırkı mərhələdə regionumuzda cazibə mərkəzinə çevirilməsi bəzi ölkələri narhat edir və bu narahatlıqlarını müxtəlif cür büruzə verirlər. Son günlər İran rəsmilərinin Azərbaycana qarşı səsləndirdikləri əsassız ittihamlar da bununla bağlıdır. Yeni reallıq isə ondan ibarətdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və regionda əməkdaşlıq və sülhün davamlı olması üçün yeni prespektivlər yaradıb. Bu isə Azərbaycanın güclənməsi və regonun gələcək geostrateji mənzərəsini təyin etməsi deməkdir. Qonşu İran rəsmilərinin səsləndirdiyi fkirlər isə həm də bu reallığın təhrif olunmasıdır, eyni zamanda İsrail-Azərbaycan münasibətlərini önə çəkərək məhz bu münasibətlər üzərindən Azərbaycanı ittiham etməsi həm də diplomatik siyasi manipulyasiyadır. Çünki İran-Azərbaycan münasibətləri tarixən qonşuluq, dostluq münasibətləri olub və hazırda İranın demoqrafik strukturu və sosioloji göstəriciləri imkan vermir ki, bəzi İran rəsmiləri öz ambisiyalarını Azərbaycana qarşı birbaşa səsləndirsinlər. Çünki bu, İran xalqı tərəfindən də qəbul edilməz. Ona görə də İsraili, "sionizmi” bəhanə edərək bunun üzərindən Azərbaycana ittihamlar irəli sürürlər. Bu, tamamilə əsassızdır, Azərbaycan Prezidenti bunu qətiyyətlə rədd etdi və dedi ki, biz sübutlar tələb edirik. Hər kəsə aydındır ki, belə sübutlar yoxdur. Azərbaycan Prezidenti regionun gələcəyi ilə bağlı mühüm məsələyə toxunaraq qeyd etdi ki, biz ilkin mərhələdə Türkiyənin 3+3 əməkdaşlıq platformasını dərhal dəstəklədik və region dövlətlərini bu tərəfdaşlıq platformasına qoşulmağa çağırdıq. Əsas məsələ ondan ibarətdir ki, regionumuzda sülhün təminatçısı qismində Rusiya-Türkiyə münasibətləri dayanır.  Azərbaycan-Ermənistan və Türkiyə-Rusiya 4 tərəfli əməkdaşlıq platforması regionun gələcəyini təyin edəcək. Ermənistan da bu formulaya qoşulmalıdır, onun başqa çarəsi yoxdur. Regional reallıq bundan ibarətdir”.
Bahar Rüstəmli