"Azad İran” Teleqram kanalında yayılan məlumata görə, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian bu gün Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcəyini açıqlayıb.
O, bildirib ki, Moskvaya səfərin əsas məqsədi Tehranın müraciəti əsasında Ukraynadakı böhranı həll etməyə çalışmaqdır:
"Bəzi Qərb tərəfləri Tehranın bu məsələdə fəal rol oynamasını istəyir”.
Bildiyimiz kimi Rusiya və İran Qərbin ciddi sanksiyaları altındadır. Bu fonda son zamanlar Tehranla Moskva arasında münasibətlər daha sıx xarakter almağa başlayır. Hətta İranın Rusiyaya uçan pilotsuz aparatlar verdiyi də bildirilir. Amma digər tərəfdən, ehranla Qərb arasında da nüvə məsələsində müəyyən razılaşmalar da əldə edilib. Məsələn, Tehran razılaşmağa əsasən nüvə danışıqları zamanı daha SEPAH-ın terrorçu qruplaşma kimi tanınmaması məsələsini qoymayacaq. İran aydındır ki, sanksiyalar fonunda üzləşdiyi böhrandan çıxmağa çalışır. Lakin görünən odur ki, Qərb istəyinə nail olmayınca, İran nəinki böhrandan çıxa bilməyəcək, hətta ağır iqtisadi durum daha da kəskinləşəcək. Onun nəticəsidir ki, son aylar İranı müxtəlif sosial təbəqələrin etiraz aksiyaları bürüyüb. Tehran rejimi isə indi tək zor aparatı ilə həmin aksiyaların öhdəsindən gəlməkdə çətinlik çəkir. Etirazçı əhalinin ağır durumunu yüngülləşdirməklə onları sakinləşdirmək yolunda addım atmaq üçün isə İran artıq əvvəlki imkanlara malik deyil. Belə bir durumda İranın XİN rəhbəri özlərinin açıqladığı kimi bəzi Qərb dairələrinin istəyilə Moskva ilə Ukrayna böhranını həll etməyi düşünür.
Mövzu ilə bağlı Qaynarinfo-ya danışan politoloq Zərdüşt Əlizadə Tehranın Ukrayna ilə bağlı belə bir təşəbbüsdə bulunması mümkünlüyünə inanmır:"Əsassız fikirdir. İran tərəfindən belə bir təşəbbüsün olması mümkünlüyünə inanmıram. İranın nüfuzu, mövqeyi, təsir imkanları elə deyil ki, Ukrayna prosesində vasitəçilik etsin. Ukraynadakı müharibəni Putin başlayıb və o da qurtarmalıdır. Müharibənin qurtarması üçün isə Moskva Ukraynanı bərabər hüquqlu ölkə kimi tanımalı, qoşunlarını çıxarmalıdır. Kənar hansısa müşahidəçinin prosesdə vasitəçiliyi isə mənasızdır. Xüsusən də İranın Rusiyaya təsir imkanları çox məhduddur. Tehran tərəfdən belə bir təşəbbüs varsa, ondan hansısa bir müsbət nəticə gözləmirəm. Hər hansı bir təşəbbüs real bir imkana söykənir. İran isə belə imkanlardan məhrumdur”.
Rüfət Sultan