İran regionda eskalasiyaya can atmır, lakin "özünü müdafiə edə bilər”. İran İsraillə müharibəyə hazırdır, lakin bunu istəmir.
Qaynarinfo xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Portuqaliyanın "Diario de Noticias” qəzetinə
deyib.
"İsrail rejimi bizim imkanlarımızı bilir... Biz israillilərdən fərqli olaraq bölgədə eskalasiya istəmirik. Təbii ki, biz müharibəyə, hətta irimiqyaslı müharibəyə də hazırıq. Amma bu bizim istəyimiz deyil. Bu bizim seçimimiz deyil. Əgər israillilər bu variantı seçsələr, biz buna tam hazırıq. Lakin onlar istənilən nəticəyə görə məsuliyyət daşımalıdırlar”, - iranlı nazir bildirib.
İran diplomatiyasının rəhbəri hesab edir ki, Yaxın Şərqdəki münaqişələrin həllində məsuliyyət ABŞ-ın üzərinə düşür. Onun fikrincə, İsrail "bütün regionu genişmiqyaslı müharibəyə sürükləməyə çalışır”. Əraqçi İranın müttəfiqi Hizbullah hərəkatının Livanın cənubunda iki aylıq döyüşlərdən sonra zəifləməsi ilə razılaşmır. "Əgər o, zəifləsəydi, mən düşünmürəm ki, İsrail atəşkəsə razı olardı”, - İranın xarici işlər naziri qeyd edib.
Xatırladaq ki, noyabrın 26-da İsrailin hərbi-siyasi kabineti Hizbullah hərəkatı ilə atəşkəs razılaşmasını təsdiqləyib. Razılaşma noyabrın 27-nə keçən gecə qüvvəyə minib. Bu, digər məsələlərlə yanaşı, BMT qüvvələrinin dəstəyi ilə Livan ordusunun cənub sərhədi boyunca ərazilərə nəzarət etməsini təmin edir. İsrailin Livanın cənubundan qoşunlarını çıxarmaq üçün iki ay vaxtı var.
Nizami Bağırov
Şərhlər