"Hərbi qələbəmizin siyasi komponentləri Azərbaycan Prezidenti tərəfindən hələ müharibədən neçə illər əvvəl formalaşdırılıb. Dünyanın ən mötəbər tribunalarından Azərbaycan Prezidenti ölkəmizin haqlı mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırıb”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Vətən müharibəsində qazanılan zəfərdə Azərbaycan Prezidentinin oynadığı rolu dəyərləndirərkən deyib.
"Azərbaycan Prezidenti, Ali Baş Komandan İlhan Əliyev hər zaman qeyd edib ki, münaqişənin dinc vasitələrlə aradan qaldırılmasının tərəfdarıyıq. Lakin nəticəsiz danışıqları sonsuzluğa qədər də davam etdirmək fikrində deyilik. Danışıqlar nəticə verməsə, torpaqlarımızı hərbi yolla işğaldan azad edəcəyik. Təbii ki, Azərbaycan Prezidenti bu sözləri deyərkən Ordumuzun gücünə inamını da ifadə etmiş olurdu. Amma İrəvan Azərbaycan Prezidentinin mövqeyini düzgün qiymətləndirə bilmədi. Əksinə, ermənilər Azərbaycanın yeni torpaqlarını işğal edəcəklərini bəyan etdilər. Bu da Ermənistanın özünü tam cəzasızlıq şəraitində hiss etməsinin nəticəsi idi. Ona görə də Ali Baş Komandanın rəhbərliyi altında ordumuz düşmənin təxribatlarının qarşısını alaraq, əks hücuma keçdi”, deyə millət vəkili qeyd edib.
Deputat qeyd edib ki, Prezident bu dövrdə həmçinin özünün diplomatik bacarıq və gücünü də göstərdi:
"Paşinyanla debatların birində Azərbaycan Prezidenti haqlı mövqeyimizi arqumentləşdirilmiş şəkildə o qədər əsaslandırdı ki, Ermənistanın baş naziri Qarabağın Azərbaycana aid olduğunu bidirdi. Son illər beynəlxalq ictimai şüurda formalaşan fikir əsasən münaqişənin tənzimlənməsinin yeganə yolunun Azərbaycanınm ərazi bütövlüyünün təmin olunmasında görmələrindən ibarət idi. Bu İlham Əliyevin 2020-ci ilin payızına qədər formalaşdırdığı beynəlxalq ictimai rəy idi. Ölkəmizin siyasi qələbəsi sonrakı mərhələdə hərbi qələbəmizin daha böyük olmasını təmin etdi. Nəticədə 44 günlük müharibədə bəzi istisnaları çıxmaqla heç bir dövlət tərəfindən Azərbaycana qarşı hansısa ciddi ittihamlar irəli sürülməsi istiqamətində hər hansı bir cəsarəti görmədik. Çünki Azərbaycan Prezidenti qələbənin siyasi elementlərini məharət və bacarıqla formalaşdıra bilmişdi”.
Elşad Mirbəşiroğlunun fikrincə, qələbə Azərbaycan Prezidentinin strateji baxış və iradəsinin tərənnümünün nəticəsi idi:
"Müharibədə Azərbaycan hansı güc və potensiala malik olduğunu nümayiş etdirdi. 44 gün ərzində 30 illik işğalın nəticələrini aradan qaldırdıq. Ordumuz 44 gün ərzində dünyanın heç bir ordusunun edə bilməyəcəyini bacardı. Ermənistan kapitulyasıya aktına imza atdı. Bütün bunlar ordumuzun sücaətinin nəticəsi, eyni zamanda, Prezidentin strateji baxışları, iradəsinin tərənnümü idi. Azərbaycan Prezidenti bu dövrdə informasiya və diplomatiya meydanında da döyüşərək, davamlı olaraq zəfər qazandı. İlham Əliyev xarici jurnalistlərin ittihamedici suallarına məharətlə cavab verərək, onları susdurmağı bacardı. Bu da Prezidentimizin geniş ensklopedik biliklərə malik olduğunu göstərdi”.
Həmsöhbətimiz bildirib ki, Prezidentin hazırkı strategiyası Xankəndi, Xocalı və digər ərazilərimizdə də suverenliyimizin bərpası hədəfinə hesablanıb:
"Vətən müharibəsindən sonra Azərbaycan öz potensialının gücünün növbəti mərhələsinə qədəm qoydu. İşğaldan azad edilmiş ərazilərdə böyük sürətlə tikinti quruculuq işlərinə başladıq. Prezidentimiz göstərdi ki, o xalqımızı tək müharibədə qələbəyə deyil, eyni zamanda postmüharibə mərhələsinə də hazırlayıb. Çəkilən 1200 km-lik yol təhlükəsizliyimizin və mövqelərimizin təminatının ən yüksək səviyyədə həyata keçirilməsinə hesablanıb. İki hava lıimanı istifadəyə verildi. Gələn il Laçında növbəti hava limanı istifadəyə veriləcək. Xankəndi, Xocalı üzərində də tam suverenliyimizi təmin edəcəyik. Cərəyan edən proseslər onu deməyə əsas verir ki, yaxınlarda Azərbaycan Ermənistanı sülhə məcbur edəcək”.
Rövşən Həsənov