"İrəvan yenidən danışıqlar prosesinə qayıdırsa, deməli daşı ətəyindən tökmək, Azərbaycanın şərtlərini qəbul etmək məcburiyyətindədir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli işçi qrupunun fəaliyyətini bərpa etməsinə münasibət bildirərkən deyib.
"Əslində baş nazirlərin müavinləri səviyyəsində üçtərəfli danışıqlar Ermənistanın birtərəfli qaydada prosesdən imtinası nəticəsində dayanmışdı. İrəvanın yenidən danışıqlara qayıtması isə onu göstərir ki, Ermənistan prosesi davam etdirmək məcburiyyətindədir. Bu məcburiyyət müəyyən mənada Rusiyanın istəyi və təzyiqi, həmçinin Ermənistanın özü üçün arzuolunmaz vəziyyətin yaranması ilə bağlıdır. Nə vaxta qədər sərhəddə və Qarabağda erməni silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutacaq?” deyə ekspert əlavə edib.
N. Miri bildirib ki, yeni situasiya Azərbaycan Prezidentinin bu istiqamətdə verdiyi son açıqlamalarının zarafat olmadığını artıq İrəvanın anlamağa başladığının göstəricisidir:
"Çünki prosesin gərginlik fonunda davam etməsi, Qarabağda antiterror əməliyyatının keçirilməsi və sərhədlərin birtərəfli qaydada müəyyənləşməsinə doğru aparır. Hansı ki, sərhədlərin birtərəfli qaydada müəyyənləşməsi İrəvan üçün məqbul deyil. Ermənistanın üçtərəfli danışıqlardan imtinası sərhədlərin müəyyənləşməsi prosesinə etirazı ilə bağlı idi. Onlar prosesə beynəlxalq ictimaiyyətin, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin müdaxiləsinə çalışırdı. Lakin Bakı bu tələbləri rədd etdi. Ortada sərhədlərin müəyyənləşməsi məsələsində istinad üçün razılaşdırdıqları konkret coğrafi xəritələr var”.
Həmsöhbətimiz onu da vurğulayıb ki, Ermənistanın xarici dövlətlərə bel bağlaması əbəsdir:
"ABŞ-ın Əfqanıstanı müdafiəsiz qoyaraq qaçması onu göstərir ki, Azərbaycanla Ermənistan arasında yenidən münaqişə başlayacağı təqdirdə belə heç bir fransız və ya amerikan əsgəri gəlib burada Azərbaycan əsgərilə döyüşməyəcək. Bu Ermənistan rəhbərliyinə dərs olmalıdır”.
Rüfət Sultan