Dünya 10:55 20.05.2022

İrəvan Bakının sülh təşəbbüslərinə müsbət cavab verməlidir – Çavuşoğlu ABŞ-da

İrəvan Bakının sülh təşəbbüslərinə müsbət cavab verməlidir.

Qaynarinfo Anadolu Xəbər Agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında azərbaycanlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Biz Ermənistanı bu xoş niyyətlərə cavab verməyə təşviq etməyə və çağırmağa davam edirik. Ölkə daxilindəki radikalların və xaricdən gələn diasporun Ermənistan hakimiyyətinə təzyiq etdiyini görürük. Biz artıq təkcə [ABŞ dövlət katibi Entoni Blinkenə] deyil, digər həmsöhbətlərimizə də demişik ki, Ermənistan bu istiqamətdə daha çox təşviq edilməlidir. Dünən [ABŞ dövlət katibi ilə] görüşümüzdə bir daha xatırlatdıq ki, Türkiyə və Azərbaycan regionda sabitliyin təmin edilməsi naminə sülh istəyir və xoşməramlılıq nümayiş etdirir”, - Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, 44 günlük müharibədə qələbə qazandıqdan sonra Azərbaycan regionda sülh arzusunu açıq şəkildə nümayiş etdirib. Çavuşoğlu xatırladıb ki, Azərbaycan tərəfi Ermənistana hərtərəfli sülh sazişinin bağlanmasını təklif edib.

Diplomat qeyd edib ki, Azərbaycan da Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması ilə bağlı Türkiyə və Ermənistan arasında aparılan danışıqları dəstəkləyir.

Alpər