Ermənistan parlamentinin sədri Alen Simonyan MDB-nin üzvü olan dövlətlərin Parlamentlərarası Assambleyasının Şurasının martın 29-da Almatı şəhərində keçirilən iclasında bildirib ki, Azərbaycanın sülhün əldə edilməsilə bağlı 5 maddədən ibarət təklifi İrəvan üçün qəbul ediləndir.
"Rəsmən bəyan edirəm ki, bu bəndlər Ermənistan üçün qəbulediləndir. Hesab edirik ki, bəzi aspektlər əlavə olunarsa, onların icrasına başlaya bilərik”, - Ermənistan parlamentinin sədri deyib.
Qeyd edək ki, martın 12-də Azərbaycan Xarici İşlər Nazirliyi sülhə doğru aparan 5 maddədən ibarət təklifi Ermənistan tərəfə təqdim edib. Məlumatlara görə, bu təkliflərdə ölkələrin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının tanınması, sərhədlərin dəqiqləşdirilməsi, Ermənistanın cinayətkar tör-töküntüsü, qanunsuz hərbi birləşmələrinin Qarabağdan çıxarılması, Zəngəzur dəhlizi ilə bağlı məsələlər yer alıb. Hansı ki, bu təkliflərin reallaşması bölgədə dayanıqlı sülhün yaranmasına, qarşılıqlı faydalı qonşuluq əlaqələrinə, kommunikasiya xətlərinin açılmasına, ermənilər arasında mövcud olan separatizm meyillərinin səngiməsinə gətirib çıxara bilər.
Onu da vurğulayaq ki, iki həftə öncə, martın 14-də Ermənistan XİN-i Bakının həmin təkliflərinə cavab verib. Ermənistan XİN-in həmin zaman yaydığı bəyanatda qeyd edilirdi ki, rəsmi İrəvan BMT Nizamnaməsinə, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və Helsinki Yekun Aktına uyğun olaraq, Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması üçün danışıqların təşkililə bağlı ATƏT-in Minsk qrupuna müraciət edib. Minsk qrupu vasitəsilə ilə İrəvan Qarabağ erməniləri üçün status məsələsini ortaya atmağa çalışır.
Bu isə iki həftə öncəyə qədər İrəvanın həmin 5 təklifi ümumən qəbul etmək istəmədiyini göstərirdi. Ancaq son proseslər göstərdi ki, Ermənistanın başqa çıxış yolu yoxdur. Burada prosesi Bakı diktə edir. Hər hansı kənar qüvvənin, xüsusən də Minsk qrupunun prosesə müdaxiləsi sülhün bərqərar olmasından daha çox, onun yenidən tormozlanmasına gətirib çıxara bilər.
Ermənistan parlamenti rəhbərinin Almatıda səsləndirdiyi açıqlamasının əvvəli İrəvanın artıq məsələni həqiqətən anlayaraq geri çəkildiyinin göstəricisi ola bilərdi. Əslində, İrəvanın başqa yolu da yoxdur, əks təqdirdə mövcud durum ən çox onların özünə ziyan vurmaqda davam edəcək.
Amma Ermənistan parlamentinin rəhbəri fikrinin sonunda həmin bəndlərə bəzi aspektlərin əlavə olunmasından da danışıb. Görəsən, onun söylədiyi bu bəzi aspektlər nələrdir?
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun fikrincə, Alen Simonyanın Bakının təkliflərinə bəzi aspektlərin əlavə olunması barədə dedikləri İrəvanın sözdə Azərbaycanın təkliflərinə razı olduğunu, əməldə isə ondan imtina etdiklərinin göstəricisidir:
"Bu, İrəvanın diplomatik gedişidir. Hamı başa düşür ki, Azərbaycanın təkliflərinin əsasında dövlətlərin ərazi bütövlüyü və suverenliyinin tanınması və ona hörmətlə yanaşmaları prinsipi dayanır. Ermənistanın mövqeyi isə fərqlidir. Sözdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tanıdığını bəyan edir. Amma Qarabağın statusunun müəyyən olunmasından da əl çəkmir. Yəni indiki şəraitdə də köhnə siyasətlərini, ərazi iddialarını davam etdirirlər. Yəni təklifə bəzi aspektlərin əlavə olunmasını gündəmə atmaqla sözdə Azərbaycanın təklifilə razı olduqlarını, əməldə isə ondan imtina etdiklərini ortaya qoyurlar”.
Rüfət Sultan