"İrəvan Zəngilan hava limanının erməni kəndlərinin üzərində olduğunu, Qubadlıda yollarını kəsdiklərini bəhanə etməklə, həmin məqamı Laçın, Kəlbəcər, Qazaxın bəzi kəndlərinə transfer etmək kimi heç bir əsası olmayan sərsəm iddialar irəli sürür”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Ermənistan xarici işlər nazirliyinin mətbuat katibinin Azərbaycanın üç lider arasında 2021-ci ilin noyabrın 26-da Soçidə əldə edilən razılaşmanın həyata keçməsilə bağlı İrəvanın təklifini nəinki rədd etməsi, eyni zamanda, hələ də özünün belə tutarlı cavab vermədiyi barədə sərsəm fikrinə münasibət bildirərkən deyib:
"Ermənistanda müəyyən qüvvələr Bakı ilə irəvan arasında sülh müqaviləsinin bağlanmasını istəmir. Bu qüvvələr əsasən də Rusiyanın marağını güdən hərbçilər və Köçəryan-Sarkisyan cütlüyüdür. Paşinyanın Azərbaycanla sülh müaqaviləsi məsələsini gündəmə gətirməsindən Moskva narahat olub”.
C. Nuriyev bildirir ki, Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı irəli sürəcəyi hər hansı bir iddia ola bilməz:
"Ermənistan mətbuatının yazdığına görə, bu məsələdə ermənilər bəzi məqamlarla razılaşmır. Onların irəli sürdüyü təklifi Azərbaycan ona görə qəbul etmir ki, ermənilər Qazaxın 7 kəndi məsələsinin üstündən sakitcə keçmək, Laçının Qaragöl və Kəlbəcərin qızıl yataqları ilə bağlı problem yaratmaq istəyirlər. Yəni sərhəddəki bu üç hissədə olan delimitasiya məsələsində ermənilər öz maraqlarına uyğun ayrı bir iddia irəli sürür. Hansı ki, onların heç biri mövcud xəritələrdə yoxdur. Bir növ ermənilər özlərinin xəyalən qurduqları xəritələri reallaşdırmaq istəyir. Təbii ki, Azərbaycan tərəfi də buna razılıq verməyəcək. Ona da Azərbaycan Xarici İşlər Naziri tutarlı və düzgün cavab verib. Hər halda fevralın 24-də Vyanada olacaq ikinci Türkiyə Ermənistan görüşünün bu mənada da mühüm rol oynayacağına inanıram”.
Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Hunam Tadevosyan "Armenpressə” müsahibəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun bəyanatını şərh edərkən İrəvanın Bakıdan gələn təklifin xarakteristikası və qiymətləndirilməsində heç bir məntiqi əlaqə görmədiyini bildirib. O iddia edir ki, Azərbaycan tərəfi nəinki Ermənistanın təkliflərini rədd edib, hətta İrəvan, Bakı və Moskva arasında liderlər səviyyəsində 2021-ci ilin noyabrında Soçidə əldə edilən razılaşmanın həyata keçməsilə bağlı hələ də tutarlı cavab verməyib.
Xatırladaq ki, bundan əvvəl Ceyhun Bayramov açıqlamasında bildirib ki, Ermənistanın delimitasiya prosesilə bağlı hər hansı şərt irəli sürməyə nə mənəvi, nə hüquqi, nə də siyasi hüququ var.
Rüfət Sultan