Xəbər lenti

İrəvan nə istəyir? (ŞƏRH)
Siyasət10:00 09.01.2024

İrəvan nə istəyir? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İrəvanın sülh müqaviləsilə bağlı əlavə təkliflər paketini təqdim etməkdə məqsədi zaman qazanmaqdır".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev İrəvanın yanvarın 4-də Bakıya Ermənistanla Azərbaycan arasındakı sülh müqaviləsi ilə bağlı əlavə təkliflər paketini təqdim etməsini şərh edərkən deyib. 
Üzeyir Şəfiyev bildirib ki, Ermənistanın məqsədi müqavilənin bağlanılması müddətini maksimum uzatmaq, vaxt əldə etmək, şərtlərin dəyişməsini gözləmək, Hindistan və Fransadan əlavə güc əldə etmək və onların dəstəyini almaq hesabına vəziyyəti dəyişməkdir:
"Lakin dəhlizlə bağlı Azərbaycan Kalininqrad variantını təklif edib. Bu modelə əsasən Bakı Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən dəhlizin "Azərbaycandan-Azərbaycana" prinsipilə həyata keçirilməsini təklif edir. Ancaq İrəvan bunu qəbul etmək istəmir. Dəhlizə suverenlik və ərazi bütövlüyünə guya təhdid kimi baxır. Anklavlar məsələsində də problemlər var. Ermənistan marionet dövlətdir. Ona görə də bu ölkə indinin özündə də öz sahiblərindən təlimat, hərəkət planı gözləyir".
Həmsöhbətimiz bütün bunların fonunda yaxın perspektivdə sülh müqaviləsinin imzalanmasını gözləmir:
"Bundan əlavə Azərbaycan delimitasiya və demarkasiya məsələsinin sonraya saxlanılmasını təklif edir. İrəvan isə delimitasiya və demarkasiya  məsələsini də sülh müqaviləsilə bərabər şəkildə bağlamaq istəyir. Bu isə absurd və mümkünsüzdür. Çünki delimitasiya məsələsi uzun bir prosesdir. Azərbaycanın hələ Gürcüstanla sərhədinin 30 faizi delimitasiya olunmayıb. Ermənistan sadəcə olaraq, belə bir situasiya yaratmaqla əslində sülh müqaviləsinin bağlanmasını uzatmaq və belədə əlavə vaxt qazanmaq istəyir. Bu fonda da yaxın perspektivdə sülh müqaviləsinin imzalanacağı gözlənilmir. Ermənistan, erməni kilsəsi və lobbisinin, bölgədə geosiyasi marağı olan dövlətlərin təzyiqlərilə qarşılaşdığından Paşinyan hələ sülhə hazır deyil". 
Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın İctimai Televiziyasına açıqlamasında yanvarın 4-də İrəvanın Bakıya Ermənistanla Azərbaycan arasındakı sülh müqaviləsi ilə bağlı əlavə təkliflər paketini təqdim etdiyini deyib. Onu da vurğulayaq ki, bu artıq tərəflərin bir-birinə təqdim etdiyi 6-cı belə təkliflər paketidir. 
Rüfət Sultan