Artıq 5-cü gündür ki, Ermənistan müxalifətinin baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirdiyi etiraz aksiyası davam edir. Bu gündən başlayaraq, müxaliflər oturaq aksiyaya keçəcəklərini bəyan ediblər. Bir çox müxalifyönümlü erməni sosial şəbəkələr bu gecə N.Paşinyanın devriləcəyi ilə bağlı iddialar da səsləndirib. Onlar hətta hakimiyyəti parlamentin binasını ələ keçirməklə hədələyiblər. Buna cavab olaraq, Ermənistan Milli Təhlükəsizlik Xidməti xəbərdarlıq edərək bildirib ki, təxribatçılar bu addımı atarsa, məsuliyyət onların üzərində olacaq. Maraqlıdır ki, İrəvanda keçirilən mitinqlər fonunda Azərbaycan-Ermənistan sərhədi və Qarabağın ermənilər yaşayan ərazisində atəşkəsin pozulması halları yenidən geniş vüsət alıb. Müxalifətin etiraz aksiyalarının yekunu nə ola bilər və Paşinyanın devrilməsi təhlükəsi realdırmı? Bu prosesin arxasında Qərbdəki erməni diasporu dayanır, yoxsa Rusiyanın idarə etdiyi "Qarabağ klanı”? Cavabsız suallar çoxdur. Maraqlıdır ki, bütün bunların fonunda təmas xəttində ermənilər atəşkəsi mütamadi pozurlar. Bölgə ilə bağlı yeni planların işə salındığı görüntüsü yaranır.
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən politoloq Əlimusa İbrahimov bildirir ki, İrəvanda müxalifətin keçirdiyi mitinqlər fonunda ermənilərin müxtəlif istiqamətlərdə yenidən atəşkəsi pozmaq cəhdləri bir-birilə bağlıdır və bu "Qarabağ klanı”na bağlı qüvvələrin əməlidir:"Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasında maraqlıdır. Ona görə də o, Bakının təqdim etdiyi 5 maddədən ibarət tələbi də qəbul edib. Sərhədlərin delimitasiyası, sülh müqaviləsinin imzalanması istiqamətində artıq real addımların atılmasına başlanılıb. Həmin maddələrin qəbulu isə İrəvanın Bakı və Ankara ilə yaxınlaşmaq istiqamətində addım atması demək olacaq. Paşinyan hökumətinin bu mövqeyi isə Ermənistan müxalifətinin maraqlarına cavab vermir. Çünki Paşinyanı mövqeyinin möhkəmlənməsi Köçəryan və Sarkisyandan ibarət "Qarabağ klanı”nın mövqeyinin daha da itirilməsi demək olacaq. Bu isə erməni müxalifətini qıcıqlandırır. Ona görə də onlar əllərində olan bütün vasitələrdən istifadə etməyə çalışır. Qarabağdakı qanunsuz silahlı birləşmələr bilavasitə "Qarabağ klanı” ilə bağlıdır. Bu səbəbdən İrəvanda mitinqlər dalğasının artdığı bir ərəfədə ermənilər tərəfindən müxtəlif istiqamətdə atəşkəsin pozulması ilə müşayiət olunan son olaylar heç çübhəsiz həmin klana bağlı qüvvələr tərəfindən törədilir”. Ekspertin fikrincə, "Qarabağ klanı” heç şübhəsiz buna Paşinyanın Bakı və Ankara ilə yaxınlaşması planını pozmaq üçün buna gedib: "Şübhəsiz ki, Moskvada da onlara müəyyən qüvvələr dəstək verir. Azərbaycanla Ermənistanın yaxınlaşması aydındır ki, "Qarabağ klanı” və Rusiyanın maraqlarına cavab vermir. Çünki belə vəziyyətdə Moskvanın regiona təsir vasitələri zəifləyir. Ona görə də Ermənistanda baş qaldıran aksiyalar fonunda Qarabağ və sərhəd zonasında ermənilərin atəşkəsi pozmaları təbii haldır”.
Rüfət Sultan