Xəbər lenti

İrəvandan Türkiyə-Azərbaycan münasibətləri barədə şərh: "Bu bizi şoka salmamalıdır"
Siyasət13:03 26.07.2022

İrəvandan Türkiyə-Azərbaycan münasibətləri barədə şərh: "Bu bizi şoka salmamalıdır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə danışıqlarda müstəsna olaraq öz maraqlarını müdafiə edir və bu maraqlardan zərrə qədər də yayınmayacaq".
Qaynarinfo "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu sözləri Ermənistanda hakim partiyadan olan deputat Mariya Karapetyan deyib.
O, Türkiyə rəsmilərinin Türkiyənin Ermənistanla danışıqlarda mövqeyini Azərbaycanla koordinasiya etməsi ilə bağlı açıqlamalarına münasibət bildirib.
"Türkiyənin mövqeyini Azərbaycanla koordinasiya etməsi bizi şoka salmamalıdır. Onların münasibətləri bizim üçün sirr deyil. Bizim üçün Türkiyə ilə apardığımız danışıqların nəticələri böyük əhəmiyyət kəsb edir. Həm Ermənistan, həm də Türkiyə müstəqil dövlətdir. Danışıqlar ilkin şərtsiz aparılır və indi konkret razılaşma var”, deyə Karapetyan bildirib.
Parlamentdəki hakim fraksiyasının digər üzvü Sarqis Xandanyan da bildirib ki, Ermənistan Türkiyə və Azərbaycanla danışıqlardan imtina etmək niyyətində deyil. Onun sözlərinə görə, ötən il keçirilən parlament seçkilərində hakim partiya regionda sülhün bərqərar olmasını əsas meyar elan edib. "Ermənistan öz qonşuları ilə problemlərini həll etməlidir" deyən deputat əmindir ki, danışıqların dayandırılması ölkə rəhbərliyinin planlarına daxil deyil.
Məlum olduğu kimi, iyulun 1-də Vyanada Ermənistan və Türkiyənin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıçın dördüncü görüşü baş tutub. Tərəflər üçüncü ölkə vətəndaşlarına Ermənistan-Türkiyə quru sərhədini mümkün qədər tez keçmək imkanını təmin etmək barədə razılığa gəliblər. Tərəflər həmçinin Ermənistanla Türkiyə arasında hava yükdaşımalarının ən qısa zamanda qurulması barədə razılığa gəliblər.
Deputatın sözlərinə görə, indi bu razılaşmaların reallaşması üçün səy göstərilməlidir. Türkiyə Azərbaycanla fəaliyyətini necə əlaqələndirəcək, məsləhətləşəcək, ya yox, bu onların işidir. Karapetyan hesab edir ki, Ermənistan öz maraqlarını müdafiə edir, sərhədlərini açmalıdır ki, iqtisadiyyatı "nəfəs alsın” və bu blokun açılması prosesində İrəvanın maraqları pozulmasın.
Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli jurnalistlərə müsahibəsində Ermənistanla danışıqlar barəsində fikir bildiirb. Dövlət başçısı Türkiyənin "qırmızı xətt"inin Azərbaycan olduğunu, Türkiyə və Ermənistan arasında normallaşma prosesinin bu məsələ həll olunduqdan sonra mümkün olacağını qeyd edib: "Amma biz onlardan (Ermənistandan) konkret addımlar atmaqlarını gözləyirik, bu normallaşma prosesində qətiyyətliyik”.
Aydın