Siyasət 18:50 29.11.2022

"İrəvanın bu açıqlaması sabotaj xarakterlidir" - Politoloq

Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan özünün "Twitter" hesabında belə bir iddia ilə çıxış edib ki, Azərbaycan bir müddət əvvəl Praqada dördtərəfli formatda görüşləri davam etdirməyə razılaşıb: "İclasın formatı və iştirakçıların tərkibi eyni olacaq. Ümid edirik ki, Paşinyanla görüş Emmanuel Makron və Şarl Mişelin iştirakı ilə Brüsseldə baş tutacaq”.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev bir müddət əvvəl Brüsseldə planlaşdırılan görüşün baş tutmayacağını bildirib. Çünki Ermənistan baş naziri Nikol Paşinyan görüşdə Fransa prezidenti Emmanuel Makronun da iştirak etməsi şərtini irəli sürüb. 

Politoloq Taleh Əliyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, İrəvanın bu açıqlaması sabotaj xarakterlidir:

"Praqa görüşü dövründə Fransanın Azərbaycana qarşı qərəzli mövqeyi sonradan olduğu qədər açıq və kəskin məzmun almamışdı. Diplomatik protokol qaydasına görə hər hansı bir görüşün nəticəli və ya nəticəsiz olmasından asılı olmayaraq, yekunda növbəti görüşlərin keçirilməsi də arzu olunur. Bu mənada Praqa görüşünün yekununda dördlük formatında növbəti görüşün keçirilməsinin razılaşdırılması da mümkün variantdır. Amma sonradan Makronun ölkəmizə qarşı qərəzli və ədalətsiz yanaşma sərgiləməsi fonunda belə bir dördlük formatı artıq qeyri-mümkün görünür. Bakı belə bir formatda görüşün keçirilməsini məqsədəuyğun saymır. Hər halda, erməni nümayəndəsinin bu açıqlaması yalnız Azərbaycanın müvafiq qurumlarının səlahiyyətli şəxsləri tərəfindən təsdiq və ya təkzib oluna bilər”.

Rüfət Sultan