"Ermənistanın bu istəyi Ankara ilə Bakı arasında guya nifaq salmağa hesablanıb. Amma başa düşmür ki, Türkiyə ilə Azərbaycan arasında hər hansı bir nifaq salmaq mümkün deyil”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli İrəvanın Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün Moskvaya vasitəçilik barəsində xahiş etməsi haqda Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyanın səsləndirdiyi fikrə münasibət bildirərkən deyib.
Həmsöhbətimizin fikrincə, Azərbaycanla münasibətləri sahmana salmadan, normallaşdırmadan, Rusiya vasitəçilik etsə belə, İrəvana Türkyə ilə münasibətləri yoluna qoymaq mümkün olmayacaq:
"Rusiya Türkiyəyə nə edə bilər ki? Moskva Ankaraya hökm edəcək ki, Azərbaycan qalsın kənara, Ermənistanla əlaqə qur?”
Ekspert bildirir ki, İrəvanın bu niyyəti mövcud situasiyada mümkün deyil:
"Bölgədə proseslər kompleks halında həll edilməlidir. Öncə bölgənin bütün problemləri həll edilməlidir. Bölgənin əsas problemi Ermənistanın təcavüzkar siyasəti, bu siyasətin revanşizmlə əvəzlənməsi, xarici siyasətdə qeyri-konstruktiv dəyərlərə söykənmələri, bölgə düzənini pozan ölkə kimi hərəkət etməsilə bağlıdır. Sülh, əmin-amanlıq, başqa dövlətlərlə münasibətləri yaxşılaşdırmaq istəyən tərəf özü bu münasibətləri pozan hərəkətlərdən imtina etməlidir. İrəvanın Türkiyəyə, Gürcüstana, hətta Cənubi Azərbaycan torpaqlarına ərazi iddiası var. Erməni xalqı ağlını başına toplamalıdır. Ermənilər saxta tarix düzəldib və onu xaç kimi sinəsindən asıb, dəli-divanə olaraq gəzir”.
Politoloq qeyd edir ki, ermənilər ilk növbədə bu kimi saxta, avantürist steoreotiplərdən xilas olmalı, özünə çəki-düzən verməlidir:
"Bölgədə cəmi 2 milyon erməni var, amma yüz milyonluq xalqın iddasından daha çox iddia irəli sürür. Bu, dəlilik deyil, nədir? İrəvan Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirsə və bu zaman Rusiyanı vasitəçi kimi görürsə, istəyinə nail ola bilməyəcək. Bunun üçün ilk növbədə üzünü Azərbaycana çevirib, onunla dil tapmalıdır. Yalnız bundan sonra, Türkiyə ilə olan problemlərini də həll edə bilər”.
Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan mətbuata açıqlamasında İrəvanın ilkin şərt olmadan Türkiyə ilə münasibətlərin normallaşmasında vasitəçi olması üçün rəsmi Moskvaya müraciət etdiyini bildirib.
Rüfət Sultan