Xəbər lenti

İsa Qəmbər görüşə dəvət edilmədi
Siyasət11:57 14.03.2013

İsa Qəmbər görüşə dəvət edilmədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən ilin dekabrın 11-də “Asiman” restoranında “Qarabağ” blokunun təşəbbüsü ilə keçirilmiş görüşdə KXCP sədri Mirmahmud Mirəlioğlu, AXCP sədri Əli Kərimli, ADP sədri Sərdar Cəlaloğlu, Ümid Partiyasının sədri İqbal Ağazadə, AMİP sədri Yusif Bağırzadə, ALP sədri Əvəz Temirxan, VİP sədri Əli Əliyev və Ziyalılar Forumunun üzvü, professor Rafiq Əliyev iştirak etmişdilər. Müsavat Partiyasının başqanı İsa Qəmbər isə görüşə qatılmamışdı. İsa Qəmbər vahid namizəd mövzusunda müzakirələrin gərəksiz olduğunu demişdi. Növbəti görüşü təşkil etmək AMİP sədri Yusif Bağırzadəyə həvalə olunub.

Müxalifət partiyalarının həmin görüşündən sonra növbəti görüşün baş tutması xeyli müddətdir ki, reallaşmır. Bu arada Müsavat Partiyasının başqanı İsa Qəmbər növbəti görüş keçiriləcəyi təqdirdə də qatılmayacağını deyib. İsa Qəmbəri dəfələrlə görüşə dəvət etsələr də, onların çağırışları nəticəsiz qalıb. Bir neçə gün öncə AMİP sədri mətbuata açıqlamasında deyib ki, bu həftə ərzində Müsavata yenidən müraciət edəcək: “Əgər bizə ”yox" cavabı verilsə, o zaman gərək başqa formatda görüşümüzü keçirək. Amma Müsavatın da bu görüşdə iştirak etməsi çox böyük arzumuzdur. "Müsavat" aparıcı siyasi təşkilatdır, öz sözü, dəst-xətti var".

Qaynar.info-nun görüşlə bağlı Yusif Bağırzadəyə ünvanladığı suala belə cavab verib: "Görüşün təşəbbüskarı AMİP deyil. Bununla bağlı suallarınızı "Qarabağ" blokunda təmsil olunan partiyalara verə bilərsiz. Görüşlə bağlı aparılan danışıqlara həmin partiyalar cavab verə bilərlər".

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə deyib ki, növbəti görüşün vaxtı bəlli deyil. ADP sədrinin sözlərinə görə, Müsavat Partiyasının başqanı İsa Qəmbər görüşə dəvət edilməyib: "Görüşün təşkilatçısı "Qarabağ" blokudur. Blokdan da İsa Qəmbərə heç bir dəvət göndərilməyib".

S.Cəlaloğlu "EL" Hərəkatının fəaliyyətinə də toxunub: "Azərbaycanda elə addımlar atırlar ki, adam bilmir, kim nə düzəldir. Belə bir təşkilat yaradıblar ki, seçkilərdə iştirak etsinlər. Bunun adını "El", "Xalq" qoymaqla deyil ki. Bu bir neçə nəfərin seçkilərdə iştirak etmək üçün axtarıb tapdığı formadır. Bizi həmin təşkilatının təqdimatına dəvət etməmişdilər, ona görə də getməmişdik".

İlkin
Qaynar.info