Milli Şuranın təmsilçiləri bir neçə saat əvvəl Avropa Şurası Parlament Assambleyasının 9 oktyabr prezident seçkiləri ilə bağlı Azərbaycana göndərdiyi müşahidə missiyası ilə görüşüb.
Bu haqda Teleqraf.com maraqlı məlumat əldə edib. Xəbərə görə, görüş başlayan kimi Milli Şura təmsilçiləri müşahidə missiyasını və onların təmsil etdiyi qurumları ciddi tənqid ediblər, bu qurumların Azərbaycanda baş verən hadisələrə göz yumduqlarını deyiblər.
Ən maraqlısı odur ki, Müsavat Partiyasının başqanı İsa Qəmbər görüşə qatılmayıb. Xəbərə görə, buna səbəb Milli Şuranın görüşdə iştirak edən nümayəndə heyətinin tərkibi olub. Belə ki, Milli Şuranın nümayəndələri qismində görüşə ACP sədri Sülhəddin Əkbər, ALP sədri Əvəz Temirxan və AXCP sədri Əli Kərimli qatılıblar.
Ehtimal olunur ki, Əvəz Temirxanın və Sülhəddin Əkbərin görüşdə iştirak etməsi Müsavat başqanının ürəyincə olmayıb.
Qaynar.info olaraq, məsələni dəqiqləşdirmək üçün Müsavat Partiyası ilə əlaqə saxladıq. Başqan müavini Gülağa Aslanlı İsa Qəmbərin həmin görüşə qatılmamasının səbəbləri ilə bağlı məlumatsız olduğunu bildirdi.