
"İnanmıram ki, hakimiyyət bu qədər mənasız, yanlış addım atacaq"
Xəbər verildiyi kimi, martın 10-da bir qrup gəncin təşəbbüsü ilə "Əsgər ölümlərinə son" aksiyası keçiriləcək. Təxminən 21 min insan "Facebook" sosial şəbəkəsi vasitəsilə aksiyaya qatılacağını bildirib. Artıq 4 gənc 10 mart aksiyasına görə həbs olunub. Onlardan biri Müsavat, üçü isə NİDA üzvüdür.Müsavat Partiyasının başqanı İsa Qəmbər 10 mart öncəsi gənclərin həbsi ilə bağlı "Deyerler.org"a deyib ki, MTN və Baş prokurorluğun birgə yaydığı iddialar hər zamanki tanış, köhnə iddialar idi: "Hakimiyyət həbs etmək istədiyi insanların evinə, cibinə narkotik və ya başqa əşyalar atmaqla bu əməllərini həyata keçirtməyə adət edib. 3 NİDA-çı gəncin həbsi açıq şəkildə görünür ki, iki hədəfə yönəlib. Birincisi NİDA təşkilatını zəiflətmək, ikincisi də sosial şəbəkələrdə 10 martda keçirilməsi nəzərdə tutulan "Əsgər ölümlərinə yox" adlı dinc aksiyanın qarşısını almaqdır. Mən əminəm ki, hakimiyyət bu məqsədlərinin heç birinə nail olmayacaq. Çünki ordudakı əsgər ölümləri bütün cəmiyyəti narahat edir. Ötən dəfə də hakimiyyət NİDA üzvlərinin həbsinə getmişdi, lakin onların bu addımı NİDA-nın daha da güclənməsinə və təşkilata yeni-yeni üzvlərin gəlməsinə səbəb oldu. Bilirsiniz ki, Gəncə şəhərində Müsavat Partiyasının bir üzvünün evinə gələrək onu həbs ediblər. 5 günlük həbs cəzası veriblər. 10 mart aksiyasını hər hansısa bir siyasi təşkilat təşkil etmir. Keçiriləcək aksiyada Müsavat üzvləri də bir fərd kimi bu dinc aksiyada iştirak edəcəklər".
İsa Qəmbər həmçinin açıqlamasında deyib ki, hakimiyyətin martın 10-da keçirilməsi nəzərdə tutulan aksiyada hər hansı təxribat törətməsi onun özünün ziyanına işləyəcək. "2011-ci ilin 2 aprel aksiyasında hakimiyyətin törətdiyi təxribatlar hər kəsin yadındadı. Bütün dünya 2 apreldə törədilən təxribatların məhz hakimiyyət tərəfindən edildiyini aydın şəkildə bildi. İnanmıram ki, hakimiyyət bu qədər mənasız, yanlış addım atacaq".
Qaynar.info