Xəbər lenti

İsa Qəmbər xalqı təbrik etdi
Siyasət12:33 30.12.2013

İsa Qəmbər xalqı təbrik etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müsavat Partiyasının başqanı İsa Qəmbər 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:  

“Hörmətli həmvətənlərim!

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə hamınızı təbrik edir, qarşıdan gələn 2014- cü ilin sizin üçün uğurlu olmasını arzulayıram.
 31 dekabr 1989-cu ildə Araz çayı boyunca uzanan və bizi cənublu soydaşlarımızdan ayıran tikanlı  məftillərin sökülməsi 88-ci ildə başlayan xalq hərəkatının gedişində mühüm mərhələ oldu və xalqımızın birlik rəmzinə çevrildi.  İndi həmin gün istər Quzeyli, istər Güneyli, istərsə də  dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız arasında həmrəylik günü kimi qeyd edilir. Məhz bundan sonra siyasi və sosial- iqtisadi səbəblərdən dünyanın müxtəlif ölkələrində  yaşamağa məcbur olmuş həmvətənlərimizin ümumi ideallarımız naminə fəaliyyətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoydu.
Siyasi cəhətdən təşkilatlanmış Azərbaycan mühacirətinin tarixi əsasən vaxtilə bolşevik repressiyalarından qurtulmağa imkan taparaq xaricə getmiş fədakar müsavatçılarla başlayır. Vətəndən uzaqlarda Vətən naminə mücadilə aparmaq ənənəsini məhz onlar yaratdılar. İndi dünyanın demokratiya mərkəzlərində bu mühacirlərin səsi ilbəil daha gur eşidilir, onlar öz sələflərinin başladıqları işi uğurla davam etdirirlər. Təəssüf ki, Azərbaycan hakimyyəti müxtəlif ölkələrdəki Azərbaycan diasporunun fəaliyyətini hər vəchlə zəiflətməyə çalışır, diaspor təşkilatlarının işinə yerli-yersiz müdaxilə edir, onları Vətənin və xalqın maraqları uğrunda mübarizədən yayındıraraq öz şəxsi maraqlarının təmsilçisinə çevirmək istəyirlər. Lakin digər sahələrdə olduğu kimi bu istiqamətdə də onların fəaliyyəti zaman-zaman iflasa uğrayır.
Biz inanırıq ki, ölkəmiz demokratikləşənə, xalqımız öz qlobal məqsədlərinə çatana qədər  mühacirətin də mücadiləsi bir an belə səngiməyəcək.  Amma nəzərə alsaq ki, hələ də xalqımızın, onun ayrı-ayrı nümayəndələrinin potensialından tam mənada istifadə edə bilmirik, onda bu sahədə  xeyli görüləsi işlərin də olduğunu unutmamalıyıq.

Hörmətli həmvətənlərim!

Qarşıdan həm də Yeni İl bayramı gəlir. Yola saldığımız il xalqımızın son illərdəki tarixinin daha bir uğursuz ili oldu. Cəmiyyəti bürüyən, ildən-ilə daha da dərinləşən sosial-iqtisadi və mənəvi böhran... Növbəti seçki saxtakarlığı, növbəti bahalaşma, yeni-yeni siyasi məhbuslar, bütün ölkəni bürüyən sifarişli məhkəmə prosesləri, hüquqsuz insanların, qazilərin öz həyatlarına sui-qəsdləri... Ermənistan-Azərbaycan münaqişəsinin faktiki olaraq unutdurulması... Bütün buların fonunda isə ilbəil daha sürətlə inkişaf edən korrupsiya və rüşvətxorluq... Budur 20 illik avtoritar rejimin ölkədə yaratdığı real mənzərə.

Bu mənzərəni dəyişmək bir toplum olaraq bizdən, bizim fəallığımızdan asılıdır. Odur ki, üzümüzə gələn Yeni ildə hər bir vətəndaşımızı, bütövlükdə xalğımızı fəallığa, öz taleyinə sahib durmağa çağırıram.   
Bir daha bayramınızı təbrik edir, hamınıza xoşbəxt gələcək arzulayıram.

Tanrı Azərbaycanımızı qorusun!”

Qaynar.info