Xəbər lenti

İŞİD: Regionu və Azərbaycanı gözləyən fəlakət - ARAŞDIRMA + FOTOLAR
Siyasət07:32 13.06.2014

İŞİD: Regionu və Azərbaycanı gözləyən fəlakət - ARAŞDIRMA + FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bölgənin xəritəsi dəyişə bilər; Türkiyə, İran və Suriya «minalanmış əraziyə» salınır, Azərbaycan da prosesdən «nəsibi»ni alacaq

Son 3 gündür dünyanın gündəmini dəyişən İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının İraqdakı şəhərləri bir birinin ardından alması artıq təhlükəli müstəviyə keçib. Bölgədən gələn xəbərlər, hadisələrin inkişafı dəhşətli bir təhlükənin artıq qapıya gəldiyini göstərir. Terrorçuların yeni bir dövlət qurmaq cəhdi və bunun üçün son hazırlıq içində olmaları böyük bir planın tərkib hissəsi kimi də diqqəti çəkməkdədir.

İŞİD-in arxasında kim dayanır?

İŞİD-in necə yarandığı və haradan qaynaqlandığı bu gün geniş müzakirə olunsa da, «görünən kəndə bələdçi» lazım gəlmir. Çünki Suriyada baş qaldırmış vətəndaş müharibəsində ortaya çıxan, «Əl Qaidə»nin qolu kimi tanıdılan, «Ən Nüsra» terror təşkilatıyla düşmən kəsilən bu silahlı dəstənin Bəşər Əsədə qarşı döyüşdüyünü bilməyən yoxdur.

Əsəd rejimini devirib, onun yerində İslam dövləti qurmaq üçün təşkil olunmuş vəhabilərdən ibarət bu terror təşkilatının hədəfində, həm də İraq var. Amma məsələnin İraqla yekunlaşacağı da inandırıcı görünməməklə yanaşı, eyni zamanda İŞİD-in məqsədli şəkildə yaradılması da aydın məsələydi. Bu təşkilatın silah və sursatının, maliyyəsinin haradan gəldiyini isə deməyə gərək yoxdur. Ona görə ki, «Kalaşnikov»larla silahlandırılmış İŞİD üzvlərinə bu silahları Rusiya deyil, məhz ABŞ çatdırırdı. Məqsəd isə əsas hədəfdən yayınmaq və günahı başqasının üzərinə qoymaq idi.

Bəşər Əsədə qarşı döyüşlər getdiyi bir zamanda İranın da adı ortalığa qarışdı və Tehranın Suriyaya təkcə silah və sursatla deyil, həm də canlı qüvvə ilə yardım etdiyi barədə çeişdli məlumatlar yayıldı. Düzdür, İran geosiyasi səhnədə onun üçün «sonuncu qala» olan Suriyanı itirəcəyi təqdirdə, proseslərin ölkənin daxilinə keçəcəyinin fərqindəydi. Və bu səbəbdən də Dəməşqə yardımçı olmağa məhkum idi. Hətta həmin ərəfədə belə bir xəbər də dövriyyəyə buraxıldı ki, İŞİD-i guya İran, Suriya və Rusiya birgə yaradıb. Şübhəsiz ki, bu inandırıcı deyildi və dünyanın diqqətini yayındırmaq üçün düşünülmüş planın tərkib hissəsi idi.

Amma İŞİD-in arxasında Rusiyanın da dayandığı iddiaları var. Üstəlik, onların təminat məsələsində Kremlin adı mütəmadi olaraq hallanır. Lakin bütün bunlar heç də Moskvanın Yaxın Şərqdə İŞİD kimi bir təşkilata yardımçı ola biləcəyi anlamına gəlməz. Ona görə ki, Rusiya heç bir halda belə bəlanı başına almaz. Üstəlik, bu terror təşkilatının uzun müddət fasiləsiz döyüşməsini maliyyələşdirməyə gücü çatmaz.

Suriya, İran və Türkiyə «minalı əraziyə» daxil olub


Əslində, İŞİD-in İraqa daxil olması və orada özünə dövlət qurmaq istəyi düşünülmüş planın tərkib hissəsidir. Məsələnin mahiyyəti belədir ki, bu terror təşkilatı həqiqətən də yeni bir dövlət qurmaq istəyir. Vəhhabilərin bölgədə ikinci bir güc mərkəzin qurmaq elə bəzi ərəb şeyxlərinin ən böyük arzuları sırasındadır. Amma…

İşin tərs tərəfi odur ki, bu işdə ABŞ-ın müstəsna marağı olmaqla yanaşı, ərəb şeyxlərinin maddi imkanlarından yararlanma halları mövcuddur. Daha dəqiqi, Vaşinqton İran, Suriya və Türkiyənin başına bəla açmaq üçün yeni bir təşkilat formalaşdırmaq məcburiyyətindəydi.

Nəzərinizə çatdıraq ki, yeni «Böyük Ortadoğu Projesi»ndə (BOP) Kürdistan dövlətinin yaradılması, İran və Türkiyənin parçalanması məsələləri var. Hələ bir müddət əvvəl Misirdə dərc olunan qəzetlərdən birində bununla bağlı olduqca maraqlı məqamlar yer almışdı. Orada Azərbaycan da daxil olmaqla, bölgənin xəritəsinin necə dəyişdiriləcəyi qeyd olunurdu.

Belə ki, bölgədə Türkiyə, İran və Suriyanın hesabına yeni Kürdistan dövlətinin yaradılması planlaşdırılır. Bunun üçün illərdən bəri çəkilən əziyyət artıq bəhrəsini verməkdədir. PKK və digər bu kimi təşkilatların illərdən bəri apardıqları mübarizə isə artıq iflasa uğrayıb. Onların yerini tuta biləcək əsas qüvvə İŞİD ola bilər. Türkiyənin böyük bir qisminin, Suriyanın bəlli ərazilərinin, İranın önəmli vilayətlərindən birinin və Şimali İraqın hesabına yaradılacaq yeni dövlətin 40 milyon əhaliyə malik olması isə bölgə üçün dominant bir qüvvə anlamına gəlir. Bu dövlətin yaranması üçün İŞİD-in İraq və Suriyada yeni dövlət qurması şərtdir. Çünki bu İraqın parçalanması deməkdir. Yəni, Şimali İraqda artıq Kürdistan yaradılır və digər parçalar da zaman içində ona birləşdirilir.

Amerikanın marağında olan əsas məsələlərdən bir başqası Böyük Azərbaycan Dövlətinin qurulması və ya İranın federallaşmasıdır. Böyük Azərbaycan dövlətinin qurula biləcəyi istənilən halda Qərbin ürəyincə deyil. Çünki zəngin neft və qaz yataqları, habelə türklərdən ibarət 50 milyonluq bir dövlətin bölgədə yaranması gələcək üçün ciddi problemlərin yaranması deməkdir. Belə olan təqdirdə, İranın federallaşması daha aktualdır və bunun üçün də İranın «minalı əraziyə» salınması lazımdır.

İŞİD Kərbəlaya hücum edərsə…

Terror təşkilatı Mosul şəhərini aldıqdan sonra ilk bəyanatı Kərbəla şəhəri ilə bağlı oldu. Bunun boşuna verilmiş bir açıqlama olduğunu düşünmək sadəlöhvlük olar. Çünki İŞİD açıq şəkildə bildirir ki, şiələri qəti qəbul etmirlər və onların başlarını kəsmək «halal»dır.

Amma bu da ümumi dildə deyilmiş bir ifadədən başqa bir mahiyyət daşımır. İşin içində İranı provokasiyaya çəkmək və onu döyüş səhnəsinə gətirməkdir. Çünki Kərbəla İranın ali qanunlarında müqəddəs şəhər elan edilməklə yanaşı, həm də Tehranın himayəsində olan bir ərazi olaraq qəbul edilir. Belə olan təqdirdə, yəni, İŞİD Kərbəlanı götürmək üçün savaşa başlayarsa, o zaman İran birmənalı olaraq döyüşə qatılmaq məcburiyyətində qalacaq. Bu isə Tehranın İraq ərazisinə daxil olması anlamına gələcək. İşə Livan, Suriya, Bəhreyn və Fələstinin də qatılması döyüş arelanın böyük bir əraziyə daşınmasına gətirib çıxaracaq.  Və ardından da İraqı himayəsində saxladığını deyən ABŞ və müttəfiqləri İrana qarşı əks əməliyyatlara başlayacaqlar. Beləliklə, İran müharibəyə cəlb olunacaq və proseslər Kərbəladan uzaqlaşıb, düz Tehranın göbəyinə enəcək.

Qeyd edək ki, bölgədə gedən müharibədən Türkiyə də kənarda qala bilməyəcək. Ona görə ki, İŞİD elə onun özü üçün də ciddi təhlükədir və böyük ehtmialla sərhədlərini aşaraq, elan etdiyi dövlətin bir parçası olaraq təqdim etməyə başlayacaq. Yəni, terror təşkilatı Türkiyəni müsəlman dövlət olaraq qəbul etdiyini, amma «yolunu azmış toplum» təqdim edərək «cihad»a burada davam edə bilər.

İndiki məqamda Qərbə də elə bu lazımdır ki, illərdən bəri nüvə məsələsində üz-üzə gəldiyi, lakin açıq şəkildə cəzalandıra bilmədiyi İranı birdəfəlik nəzarətinə alsın. Suriya və Livanı oyuna qatsın ki, «Hizbullah»ı yox etmək üçün fürsət əldə etsin. Türkiyənin qarışması isə sırf Kürdistan ərazilərinə görədir. Elə İŞİD oyununun arxasında gizlənən əsas cəhətlərdən biri də budur.

Bəs Azərbaycan?

Azərbaycan bölgədə kiçik dövlət olmasına rəğmən, bəzən böyük proseslərin episentrinə çevrilə bilir. Məsələn, Əfqanıstanda müharibə aparan Amerika bütün silahı, sursatı və canlı qüvvəsini ölkəmiz üzərindən daşıyır. İri neft-qaz layihələri Azərbaycandan keçməklə, Bakı önəmli oyunçu statusu qazanmaq imkanı əldə edir.

Elə Suriya olaylarında İŞİD-in tərkibində xeyli sayda azərbaycanlının döyüşdüyü də sirr deyil. Prosesin gizlin tərəfini də bu «rezerv» məsələsində axtarmaq lazımdır. Nəzərə alaq ki, Azərbaycandan olan vəhhabilərin bir qismi faktiki olaraq sözügedən terror təşkilatının tərkibində döyüşürlər. Və bu həm də onların ölkəmizdə tərəfdarlarının heç də az olmaması anlamına gəlir. Bundan əlavə Azərbaycanda qərarlaşmış vəhhabilərin əsas hədəflərindən biri ölkəmizdə islam və şəriət dövləti qurmaqdır.

Bütün bunların hamısını cəmlədikdə ortaya belə bir mənzərə çıxır: İŞİD İraqda və bölgədə möhkəmləndikcə, onun Azərbaycana təsir imkanları da artacaq. Və Bakıdakı tərəfdarların fəallaşması üçün zəmin yaradacaq. Üstəlik, onların hərəkətlənməsi üçün stimul verəcək. Bu isə ölkəmizdə yeni bir təhlükə mənbəyinin formalaşması deməkdir.

SON

Düzdür, Azərbaycan üçün proqnozlaşdırılan bu proseslər yaxın illərdə reallaşmayacaq. Amma siyasətdə yaxın və uzaq anlayışı yoxdur. Əsas məsələ nəzərdə tutulmuş planın icrasıdır ki, bunun gec və ya tez baş verməsi də əhəmiyyətini itirir. Ona görə də, İŞİD-in İraqda çıxdığı hoqqanın diqqətlə izlənməsi, vaxtında zəruri tədbirlərin görülməsi şərtdir. Əks təqdirdə, bu çanaq bizim də başımızda çatlaya bilər.

Qaynar.info