Xəbər lenti

“İsrail-Azərbaycan münasibətlərinin inkişafı ona gətirib çıxaracaq ki...” - Ekspert
Siyasət09:13 20.06.2023

“İsrail-Azərbaycan münasibətlərinin inkişafı ona gətirib çıxaracaq ki...” - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İsrail beynəlxalq arenada öz hədəflərini gerçəkləşdirməkdə mühüm təcrübəyə malikdir. Azərbaycanın da bu təcrübədən yararlanması ölkəmizə siyasi üstünlüklər vəd edir”. 
Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM sədrinin müavini Nazim Cəfərsoy Azərbaycan-İsrail münasibətlərinin strateji əməkdaşlıq müstəvisinə yüksəlməsi məsələsini şərh edərkən deyib.
"İki ölkə arasında münasibətlərin strateji əməkdaşlıq müstəvisində inkişafı siyasi, iqtisadi, mədəni və hərbi parametrlərlə bağlıdır. İki ölkə  arasında iqtisadi münasibətlərin inkişafı üçün yetərincə əsaslar vardır. Çünki iqtisadi baxımdan hər  iki ölkənin bir-birinə ehtiyacı var. İsrail Azərbaycan  üçün mühüm bazar əhəmiyyəti daşıyır. İsrailin də öz  növbəsində enerji baxımından Azərbaycan neftinə ehtiyac duyur. İsrail güvənli tərəfdaşdır. Kənd təsərrüfatı sahəsində İsrailin texnoloji imkan və təcrübəsi Azərbaycan üçün əhəmiyyətlidir. Yəhudilərin dünyadakı maliyyə mənbələri üzəridəki rolu Bakıya Qarabağdakı layihələrin maliyyələşdirilməsində, önəmli layihələrin ölkəmizə yönləndirilməsində, aparıcı sərmayədarların bölgəyə gəlməsində əsaslı rol oynaya bilər”, - deyə N.Cəfərsoy vurğulayıb.
Ekspert qeyd edib ki, təhlükəsizlik məsələsində ölkəmizin İsraillə əməkdaşlıq etməsinin də xüsusi əhəmiyyəti vardır: 
"Bu da müdafiə sənayesi silahlarının alınmasında özünü göstərir. Hər iki ölkənin İranla bağlı ciddi narahatlığı mövcuddur. İsrail kəşfiyyatı dünyada ən  güclü kəşfiyyatlardan biridir. Xüsusən də terrora   qarşı mübarizədə fərqlənir. Onların bu istiqamətdə təcrübəsindən faydalanmaq terrorra və narkotik qaçaqmalçılığına qarşı mübarizəsində Azərbaycan üçün də faydalı ola bilər. Antiterror əməliyyatlarının keçirilməsində İsrail ordusunun təcrübəsi də ölkəmiz üçün əhəmiyyətli təcrübələrdən sayıla bilər”. 
Ekspert bildirib ki, iki ölkə arasında mədəni, təhsil sahəsində əməkdaşlıq da əlaqələrin inkişafı yolunda mühüm əhəmiyyətə malikdir: 
"İsrail texnoloji sənaye və universitet əməkdaşlığı sahəsində də əhəmiyyətli uğurlara imza atmış ölkələrdəndir. Bu istiqamətdə də İsrail təcrübəsinin  öyrənilməsi və tətbiqi ölkəmiz üçün faydalı ola bilər.  İsrail azərbaycanlı tələbələrin rahatlıqla təhsil  alacağı məkanlardan biridir. Ölkələrimiz arasında  tarixi əlaqələr var. Azərbaycanda yəhudi camiyəsi  var ki, onların da böyük hissəsi İsraildə yaşayır.  Azərbaycan və İsrail xalqları arasında ciddi mədəni   yaxınlıq var”. 
Ekspert vurğulayıb ki, erməni lobbisi ilə mübarizədə İsrail lobbisinin imkanları Azərbaycan üçün geniş imkanlar açır. N. Cəfərsoyun fikrincə, ABŞ və Rusiya kimi ölkələr İsrail-Azərbaycan əlaqələrinin strateji xarakter kəsb etməsindən narahat olmayacaqlar: 
"Azərbaycanla İsrail arasındakı münasibətlər Vaşinqtonla Bakı arasındakı münasibətlərin  inkişafına təkan verən münasibətlərdir. ABŞ İsrail  münüsibətlərinin mövcud vəziyyəti bu prosesə əngəl deyil, kömək etmək məqsədi daşıyır. Bakının  Təl-Əvivlə münasibətləri yaxşılaşanda, yəhudi lobbisi ABŞ-daAzərbaycanın milli maraqlarının qorunmasında daha aktiv iştirak edir. İsrail-Rusiya münasibətləri də gərgin deyil. Bu baxımdan, Baknın İsraillə münasibətlərinin strateji xarakter alması ölkəmizin Moskva ilə münasibətlərə əngəl törətmir.  Amma Azərbaycanla İsrail münasibətlərinin inkişafı Bakının Tehranla münasibətlərinin gərginləşməsinə səbəb olur.Bunun da səbəbi İranın İsraili özünə düşmən hesab etməsindən qaynaqlanır. Hər bir dövlət hər hansı digər dövlətlə münasibət qurmaqda azaddır. Bakı İranın Ermənistanla münasibət qurmasına ağrılı yanaşmadığı kimi, Tehran da Azərbaycanın İsraillə münasibətlərinə dərin problem kimi yanaşmamalıdır. İranın bunu Azərbaycana  önəlik təhdid, basqı ilə etməyə çalışması qəbuledilməz və yolverilməzdir”.
Rüfət Sultan