Xəbər lenti

İsrail-Fələstin:Yeni baxış - Natiq Cəfərli
Siyasət16:25 24.07.2014

İsrail-Fələstin:Yeni baxış - Natiq Cəfərli

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Heç kim inkar edə bilməz ki, dünyada ən bacarıqlı, ağıllı, təhsilli xalqlardan biri, bəlkə də, birincisi yəhudi xalqıdır. Faciəli tarixi olan bu xalq əsrlərdir yad mühitlərdə yaşadığından hamıdan üstün olmaq üçün, ayaqda qalmaq, elementar olaraq sağ qalmaq üçün həmişə öz üzərində işləyib, təhsilə, elmə üstünlük verib, maliyyə işlərini hamıdan yaxşı bacarıb, bir-birlərinə dəstək olublar. Bəs nə baş verdi ki, dünyada ən qədim tarixə, mədəniyyətə malik olan xalqlardan biri bu gün qadın-qoca-uşaq demədən Fələstində insanları qətlə yetirir? Niyə bu qədər qəddarcasına hərəkət edir? Sivil xalqa niyə divan tutur? 

İsrail-Fələstin probleminin həlli yollarından biri iki xalqlı, iki dövlətli bir konfederasiyadır. Problemin ən kəskin nöqtəsi müsəlmanların Qüds, yəhudilərin isə Yerusəlim adlandırdıqları müqəddəs məkanlarla, tək Allahlığı qəbul edən hər 3 böyük dinin tapınaqları ilə bol olan şəhəridir. Fələstinlilər, müsəlmanlar Qüdssüz dövlət istəmirlər, yəhudilər isə Yerusəlimsiz yəhudiliyin, dövlətçiliyin mümkünsüzlüyündən danışırlar. Bunu nəzərə alaraq BMT və bu problemlə məşğul olan beynəlxalq təşkilatlar, "beyin mərkəzləri”, bəzi iri ölkələr "iki dövlətli çözüm” formulu təklif etdilər. Təklifin məğzi odur ki, hər iki dövlətin ümumi sərhədləri olur, daxilildə gediş-gəliş sərbəst olur, tam bir konfederasiya kimi idarə olunur, yəni, müqəddəs məkanlar da ümumi istifadəyə açıq olur. 

Fələstin dövləti və xalqı üçün bu çox yaxşı formul olsa da, qəbul etmirlər, İsrail də bundan istifadə edərək, məsələnin həllini uzadır, çünki, iki dövlətli konfederatif çözüm orta və uzun vadədə İsrailə sərf etmir. Bu təklifin keçərliliyini azaltmaq, fələstinliləri təklifdən imtina edərək, "biz bu İsraillə bir yerdə yaşaya bilmərik”, fikri ilə çıxış etməyə məcbur etmək üçün İsrail belə qəddarlıqla Qəzzada, Fələstində insanları qətl edir. Müsəlman dünyası isə bunun səbəbi araşdırmaqdansa ağlayır, sızlayır, ya da, "Kahr olsun İsrail” deyərək bağırır, müharibəni qızışdırır.

Əgər konfederativ bir ikili dövlət qurulsa, fələstinlilər həmən normal təhsilə, səhiyyəyə, demokratik təsisatlara çıxış əldə edəcəklər. İsraildə əhalinin artımı ildə heç 1% deyil, bunun da əsasını başqa dövlətlərdə yaşayan yəhudilərin İsrailə köçənlər təşkil edir. Fələstində isə təbii artım ildə 3-5% arası dəyişir, yəni, ərəblər doğur-törəyir, artır. Buna görə də, yaxın 30 ildə əgər konfederativ ikili dövlət qurularsa, ərəblər yəhudiləri konfederasiyada 2-3 dəfə saya görə üstələyəcəklər, demokratik təsissatların da olduğunu nəzərə alaraq, bütün seçkilərdə sadə səs çoxluğu ilə qələbə qazanacaqlar. Məhz buna görə də, məhz ağıllı və uzaqgörən olduqlarına görə, İsrail Qəzzada insanları belə qətlə yetirir ki, birgə yaşayışın mümkünsüzlüyünü ərəblər qəbul edib, bu çözümə qarşı çıxsınlar. Müsəlman dünyası da, fələstinlilər də bu oyuna gedərək, İsrailin uzun vədəli planlarına uyğun davranırlar. Yəni, ərəblər tək cinsiyyət orqanlarını deyil də, beyinlərini də işlətsələr, bütün vasitələrdən istifadə edərək tezliklə konferedativ, iki dövlətli çözüm təklifinə dəstək verərlər. Amma, görünən odur ki, müsəlman dünyası və fələstinlilər hələ ki, emosiyaya, hislərə üstünlük verirlər, düşünmək istəmirlər. Bununla da, İsrailə, "biz istəyirik, onlar istəmir”, deyə mesaj verməyə şərait yaradırlar. 

Yeri gəlmişkən, yunanların Kiprdə buna bənzər planı baş tutmadı, məhz türk Kipri Annan planına səs verərək, yunanların oyununu pozdu və danışıqlarda üstünlük qazandı. Çünki, Kipr türklərinin savadlılıq səviyyəsi, Türkiyə türklərindən də yüksəkdir, anladılar, emosiyaları kənara qoydular, doğru qərar verdilər. Kipr Annan Panına görə birləşsə, iki millətli yönətim formulu olsa, orta və uzun vadədə bütün Kipr türklərin olacaq, yənə də, məhz demokrafik üstünlüyə görə.

Çox qısa bizim bölgə haqqında da deyim: Ermənilər və onların havadarları, "biz azərbaycanlılarla bir yerdə yaşaya bilmərik”, tezisini dünyaya sırımağa çalışırlar, çünki, anlayırlar ki, demokrafiq olaraq orta və uzun vədə də bizə uduzacaqlar. Məhz buna görə də, Ramil Səfərovun etdiyini əllərində bayraq etməyə davam edirlər, bizlər isə düşünə bilmədiyimizdən, burnumuzdan uzağı planlaşdırmağı bacarmadığımızdan Ramili hələ bir qəhrəman da etdik. Bir sözlə, başqa orqanların yaxşı işləməsi heç də pis deyil, amma, ən lazım, vacib orqanın – beynimizi işlətməyi bacarmasaq, digər orqanların "məhsulunun” elə bir ciddi üstünlüyü olmayacaq. Barışıq, sülh olsa, beynimizi işlətsək, normal, sivil, demokratik bir dövlət qursaq, demokrafik üstünlüyümüzü tezliklə siyasi, iqtisadi üstünlüyə çevirərək, nəinki Qarabağ, bütün Ermənistan da, sözün yaxşı mənasında, "bizim” olacaq. Çünki, torpaq – mülkiyyət məsələsidir, torpaq – üzərində yaşayanın və ona mülkiyyət hüququ olanındır.

Qaynar.info