Dünya 11:16 24.11.2023

İsrail və HƏMAS arasında atəşkəs qüvvəyə mindi

İsrail ordusu ilə Qəzza zolağına rəhbərlik edən Fələstinin HƏMAS hərəkatı arasında 4 günlük atəşkəs qüvvəyə minib. Razılaşmanın şərtlərinə görə, atəşkəs noyabrın 24-də yerli vaxtla saat 7:00-da (Bakı vaxtı ilə 9:00) başlayıb.

Qaynarinfo bu barədə "The Times of Israel” nəşrinə istinadən xəbər verir.

Oktyabrın 7-də İsraildə HƏMAS tərəfindən əsir götürülən 50 girov dörd gün ərzində azad ediləcək. 13 nəfərdən ibarət birinci qrup bu gün yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə 18:00) azadlığa buraxılacaq.

Öz növbəsində, İsrail hər girov üçün üç fələstinli məhbusu azad edəcək. Atəşkəsin ilk günündə İsrail 39 nəfəri azad edəcək. Ehtimal olunur ki, atəşkəsin qüvvədə olduğu dörd gün ərzində İsrail 150 fələstinli məhbusu - qadınları və azyaşlıları azadlığa buraxacaq.

İsrail həmçinin Qəzza zolağı üzərində aviasiya uçuşlarını gündə 6 saat dayandırmağı və hər gün humanitar yardım aparan 200 yük maşınının anklava daxil olmasını öhdəsinə götürür. Misir müvəqqəti barışıq qüvvəyə mindikdən sonra Qəzza zolağına lazımi həcmdə humanitar yardım, o cümlədən gündəlik 130 min litr dizel yanacağı çatdırmağa hazır olduğunu bildirib.

HƏMAS 23 taylandlı girovu heç bir şərt olmadan azad etməyə razılaşıb. Tailandın Xarici İşlər Nazirliyinin məlumatına görə, HƏMAS-ın İsrail ərazisinə hücumu nəticəsində Qəzza zolağında 39 taylandlı həlak olub, 26 nəfər əsir götürülüb.

Atəşkəs razılaşması noyabrın 23-də qüvvəyə minməli idi, lakin HƏMAS İsrailə girovların siyahısını vaxtında təqdim etməyib. Müvəqqəti atəşkəs haqqında sazişin hazırlanması bir neçə həftə çəkib. Qətər, Misir və ABŞ vasitəçi rolunu oynayıb. 

Nizami Bağırov