Xəbər lenti

İyulda Yer kürəsində son 14 ilin ən aşağı temperaturu qeydə alındı
Dünya 12:50 03.08.2026

İyulda Yer kürəsində son 14 ilin ən aşağı temperaturu qeydə alındı

Antarktidada yerləşən "Concordia" tədqiqat stansiyasında son 14 ilin Yer kürəsində qeydə alınmış ən aşağı temperaturu – mənfi 84,1 dərəcə Selsi ölçülüb. 

Qaynarinfo xəbər verir ki, "Live Science" nəşrinin məlumatına görə, rekord göstərici iyulun 18-də qitənin dərinliyində, hazırda qütb gecəsinin hökm sürdüyü yüksək dağlıq ərazidə yerləşən stansiyada qeydə alınıb.

Alimlərin bildirdiyinə görə, stansiya ətrafında temperatur yerli vaxtla saat 06:25 və 06:34-də iki dəfə -84,1 °C-yə enib. Nəşr qeyd edir ki, "Concordia" üçün belə sərt şaxtalar qeyri-adi deyil, çünki qış aylarında burada temperatur mütəmadi olaraq -80 °C-dən aşağı düşür. Bununla belə, iyulun 18-də qeydə alınan göstərici 2012-ci ildən bəri Yer kürəsində müşahidə olunan ən aşağı temperatur hesab olunur.

"Live Science" yazır ki, bu kəskin soyuma dünyanın bir çox bölgəsində müşahidə olunan anomal istilər fonunda baş verib. Şimali Amerika və Avropada yay mövsümü güclü istilik dalğaları ilə müşayiət olunur, bir sıra ölkələrdə isə genişmiqyaslı meşə yanğınları qeydə alınıb. Alimlərin sözlərinə görə, Antarktidanın müəyyən hissəsində müşahidə edilən ekstremal soyuq qlobal istiləşmə tendensiyasına zidd deyil.

"Concordia" stansiyasını idarə edən İtaliya Milli Antarktida Tədqiqat Proqramının rəhbəri Qabriyele Karuqati bildirib ki, iqlim dəyişikliyi uzunmüddətli prosesləri əks etdirir və bu, qısamüddətli rekord soyuqların baş verməsini istisna etmir. Onun sözlərinə görə, Antarktidada qeydə alınan lokal temperatur rekordları ümumi qlobal istiləşmə mənzərəsini təkzib etmir.

Nəşrin məlumatına əsasən, "Concordia" dünyanın ən təcrid olunmuş elmi stansiyalarından biri hesab olunur. Stansiya dəniz səviyyəsindən 3200 metrdən çox yüksəklikdə və sahildən min kilometrlərlə uzaqda yerləşir. Qış aylarında hava şəraiti səbəbindən buraya təyyarələrin enişi mümkün olmur, ən yaxın digər stansiya isə təxminən 600 kilometr məsafədədir. Çətin şəraitə görə burada çalışan tədqiqatçılar "buz astronavtları" adlandırılır və onların fiziki, eləcə də psixoloji vəziyyəti "Avropa Kosmik Agentliyi" tərəfindən öyrənilir.

"Live Science" qeyd edir ki, "Concordia" stansiyasında indiyədək qeydə alınmış ən aşağı temperatur 2010-cu ildə ölçülən -84,7 °C olub. Yer kürəsində indiyədək qeydə alınmış mütləq minimum temperatur isə 1983-cü ilin iyulunda Antarktidadakı "Vostok" stansiyasında qeydə alınıb və -89,2 °C təşkil edib.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->