Kanada Azərbaycanlılar Şəbəkəsinin (KAŞ) İdarə Heyətinin üzvləri və İcraçı direktoru Kanada-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin ilk iclasında iştirak ediblər.
Qaynarinfo-nun verdiyi xəbərə görə, iclas zamanı KAŞ İdarə Heyəti tərəfindən dostluq qrupunun üzvlərinə ötən il baş verən Vətən Müharibəsindən sonra Cənubi Qafqazda vəziyyət, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa quruculuq işləri barədə məlumat verilib. Qeyd edilib ki, 90-cı illərdə Qarabağ bölgəsində öz yurd-yuvalarında qovulmuş 800 minə yaxın Azərbaycan vətəndaşı öz doğma torpaqlarına qayıtmaq üçün münbit şəraitin yaradılmasını və ən vacibi isə bu ərazilərin minalardan təmizlənməsi işlərinin başa çatdırılmasını gözləyirlər.
Bu xüsusda, Kanadada yaşayan azərbaycanlıların siyasi platforması olaraq fəaliyyət göstərən Kanada Azərbaycanlıları Şəbəkəsi bu ölkənin siyasi dairələrini minatəmizləmə işlərində Azərbaycana yardım etməyə çağırırlar.
İclasda iştirak edən Kanada parlamentinin üzvləri Azərbaycan icmasını təmsil edən KAŞ-ın fəaliyyətini yaxından izlədikərini və Azərbaycan barədə dolğun məlumatların Kanada ictimaiyyətinə çatdırılmasında icma təşkilatının vacib rolunu qeyd ediblər.