Dünya 11:26 20.05.2022

Kanada Huawei məhsullarının ölkədə istifadəsini qadağan etdi - Casusluq

Kanada Çinin Huawei və ZTE telekommunikasiya şirkətlərinin məhsul və xidmətlərinin ölkədə istifadəsini qadağan edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə innovasiya, elm və sənaye naziri Fransua-Filip Şampan bildirib.

Bundan əvvəl media Ottavanın Huawei şirkətinə milli 5G rabitə şəbəkəsinin yaradılmasında iştirakını qadağan edəcəyini bildirmişdi.

Nazir izah edib ki, bu qərar hökumətin telekommunikasiya infrastrukturunun uzunmüddətli təhlükəsizliyini təmin etmək planının tərkib hissəsi kimi və Kanadanın ən yaxın müttəfiqləri ilə ətraflı müzakirələrdən sonra qəbul edilib. Bundan əlavə, məsələ əvvəllər müstəqil qurumlar tərəfindən öyrənilib. Beləliklə, iki Çin şirkətinin Kanada telekommunikasiya sistemlərində məhsul və xidmətləri tamamilə qadağan ediləcək.

Açıqlamaya görə, Kanadada artıq Huawei və ZTE avadanlıqlarından istifadə edən şirkətlər onu ləğv etməli olacaqlar.

Kanada Five Eyes (Beş Göz) kəşfiyyat alyansında (ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiyanın kəşfiyyat xidmətlərini birləşdirir) Huawei-nin casusluq qorxusu səbəbindən milli 5G şəbəkələrinə girişini qadağan edən və ya məhdudlaşdıran beşinci və sonuncu ölkə olub.
 
Alpər