
Kanadada yaşayan Türk toplumuna aid qeyri-hökumət təşkilatları yaydıqları açıqlamada Kanada hökumətinə Ermənistanla Azərbaycan arasında gedən Dağlıq Qarabağ münaqişəsində erməni diasporunun oyununa alət olmamaq çağırışı edib.
Qaynarinfo xəbər verir ki, mərkəsi Torontoda yerləşən Kanada Türk Boyları Asambleyası (Turkic Assembly of Canada) Ermənistanın Dağlıq Qarabağa hücumlarını sərt şəkildə qınayıb.
Kanada Türk Boyları Birliyinin yaydığı açıqlamada Ermənistanın 30 ildir davam edən təcavüzkar davranışının ərazinin sabitliyinə və Azərbaycanın ərazi bütövlüyünə ən böyük təhdid olduğunu ifadə edərək, Kanadanın Türkiyəyə hərbi texnika ixracatını dayandırmasından narahatlıq ifadə edilib. Türk və türk əsilli əhalinin Kanadadan təcavüzkarı mükafatlandırmaqdansa sülhə qatqı göstrəməsini gözlədiyi bildirilib.
Bəyanatda Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etdiyi və 1 milyondan çox azərbaycanlının didərgin düşdüyü xatırladılıb və Kanadadan Ermənistanın dərhal bu torpaqlardan çəkilməsinə şərait yaradacaq həll yoluna töhfə verməsi istənilib. Açıqlamada Ermənistanın hücumları ilə Azərbaycanın enerji infrastrukturuna ziyan vurmağı hədəflədiyi və bu hücumlar səbəbi ilə Avropanı Azərbaycanla birləşdirən enerji ötürücü xətlərin təhlükəsizliyinin təhlükə altında olduğu vurğulanıb.
Bundan başqa, mərkəzi Ottavada yerləşən Kanadalı Türklər Şurası (Council of Turkish Canadians-CTC) da Kanada hökumətini Ermənistan və Azərbaycan arasındakı böhranda NATO ittifaqının ruhuna uyğun münasibət göstərməyə çağırıb.
Açıqlamada deyilir: "Kanadadakı erməni diasporu Ottava hökumətini təsir altına almağa çalışaraq təbliğat aparır. Əslində Cənubi Qafqazdakı qeyri-sabitliyin mənbəyi Ermənistandır. Kanadanın Türkiyə ilə münasibətlərində NATO ittifaqına layiq bir şəkildə davranması və Dağlıq Qarabağ münaqişəsinə yanaşdığı kimi yanaşması lazımdır. Türkiyə Azərbaycanı dəstəkləsə də, mövcud münaqişədə tərəf deyil. Kanada Türkləri Şurası (CTC) Kanada hökumətinə ermənilərin bu təxribat tələblərinə məhəl qoymamağı tövsiyə edir. Erməni diaspor təşkilatları Türkiyəyə qarşı dezinformasiya kampaniyası başladaraq və etnik lobbi fəaliyyəti göstərərək NATO-nun həmrəyliyi və bütövlüyünü pozur, bu səbəbdən Kanadanın milli maraqlarına zərər verir”.
Qeyd edək ki, bazar ertəsi Kanada Xarici İşlər Naziri François-Filip Çampagne yazılı açıqlamasında Dağlıq Qarabağda davam edən qarşıdurmada istifadə edildiyi iddiasıyla ölkəsinin bəzi texnikalar üçün Türkiyəyə verdiyi ixracat səlahiyyətini müvəqqəti olaraq dayandırdıqlarını elan edib.