
Kapital Bank Avropa Gimnastika Birliyinin (AGB) rəsmi tərəfdaşlarından biridir.
Qaynarinfo.az xəbər verir ki, 2013-cü ilin aprelində Rusiyanın paytaxtı Moskvada bankın İdarə Heyətinin sədrinin müavini Yaşar Məmmədovla AGB-nin fransız prezidenti Jorj Qelzek arasında ilk sponsorluq müqaviləsi bağlanıb və həmin anlaşma həmin ilin mayın 1-dən qüvvəyə minib. Bu müqaviləyə əsasən bank qurumun maliyyə məsələlərini qarşılayır.
Bizdə olan məlumata görə, müqavilənin şərtlərində Kapital Bankın təxminən 600-700 min avro qarşı tərəfə maddi dəstək verməsi əks olunub. AGB isə rəsmi yarışlar zamanı bankın loqolarını əks etdirməlidir. Avropanın 48 milli gimnastika federasiyası və o cümlədən Beynəlxalq Gimnastika Federasiyasının ümumi üzvlərinin 1/3-dən çoxu bu layihəni dəstəkləyir.
Bu müqavilələr hər dəfə 1 illik dövrü əhatə edir və artıq 2 dəfə (2014, 2015) yenilənib. Sonuncu dəfə ötən ilin mayın 1-dən qüvvəyə minmiş müqavilənin müddəti də 1 illik olub. Burdan belə aydın olur ki, təxminən 15 gündən sonra bu müqavilə qüvvədən düşəcək.
Bəs, görəsən, yeni müqavilə imzalanacaqmı? Bunun üçün Kapital Bankla əlaqə saxladıq. Bankın yeni mətbuat xidmətinin rəhbəri Pərviz Kamal bu məsələni öyrəndikdən sonra bizə belə bir cavab verdi: "Bizim müqaviləmiz mayda başa çatmayacaq. Müqavilənin müddəti ilin sonunadəkdir. Ona görə də müqavilənin müddətinin artırılıb-artırılmayacağı ilə bağlı indidən nəsə demək hələ tezdir".
Lakin ortada müqavilənin müddətinin mayın 1-də başa çatacağını əks etdirən faktlar var. Bunun üçün AGB-nin ötən ilin iyunun 21-dəki press-relizinə nəzər salmaq kifayətdir (http://www.ueg.org/en/Partnership-renewed-2015-06-21-1500).
Qeyd edək ki, Kapital Bank futbola da investisiya qoyan qurumlardan biridir. Bu bank hazırda Azərbaycan Premyer Liqası klublarından "Sumqayıt" və "Zirə"nin sponsorlarından biridir, eləcə də vaxtı ilə AFFA-nın keçirdiyi 15 yaşadək futbolçuların çempionatının maddi tərəfdaşı olub.
Qaynarinfo.az