Təhsil Nazirliyi imkansız ailələrdən olan tələbələrə təhsil kreditlərinin verilməsinin şərtlərini müəyyənləşdirməyə başlayıb
Təhsil Nazirliyi imkansız ailələrdən olan tələbələrə təhsil kreditlərinin verilməsinin şərtlərini müəyyənləşdirməyə başlayıb. Nazirlikdən bildirdilər ki, hazırda bununla bağlı təkliflər hazırlanır. Nazirlikdə hesab edirlər ki, təhsil kreditinin verilməsi tələbələrin təhsil haqlarının ödənilməsi ilə bağlı problemlərini həll edəcək, təhsilin hamı üçün əlçatanlığı təmin olunacaq.
Tələbənin aztəminatlı olub-olmaması isə dövlətin aztəminatlı ailələr üçün müəyyən etdiyi kriteriyalara əsasən bilinəcək. Təhsil Kreditlərinin verilməsi isə banklar tərəfindən həyata keçiriləcək
Təhsil Nazirliyinin rəsmisi, Cəsarət Valehov: “Universitetlərlə müqavilələr bağlana bilər, təhsil alan gənclər təhsil kreditlərini məhz o bankdan alaraq çox az faizlə və hissələrlə ödəyə bilirlər, bu zaman tələbəyə güc düşmür və o rahatlıqla krediti ödəyə bilir”.
Amma kreditin hansı faizlə və neçə ilə veriləcəyi hələ ki müəyyən edilməyib. Təhsil Nazirliyinin rəsmisinin sözlərinə görə bu yeni sistem Universitetlərdə mərhələli şəkildə tətbiq ediləcək. Hələlik isə yaxın zamanlarda yalnız bir neçə Universitetdə pilot layihənin reallaşması gözlənilir. /ans press/