Artıq Birinci Diviziona start verilib, ilk turun bir sıra qarşılaşmaları da keçirilib. Bu oyunlardan biri də "Zirə-2” ilə "Kəpəz-2” arasında baş tutub.
Gəncə klubunun baş məşqçisi Xaliq Mərdanov Qaynarinfo-ya açıqlamasında həm oyun, həm də Birinci Divizionla bağlı təəssüratlarını bölüşür.
"Bir qədər fərqli hissələr oldu. Ehtiyatlı oynadıq. Ona görə ki, bizdə uşaqlar ilk dəfədir Birinci Divizionda meyana çıxırdı, təcrübələri yox idi. Əksəriyyəti həvəskarlara oynayanlardır. Keçən il Birinci Divizionda oynayan futbolçularımızın sayı azdır. Eləsi var, 2-3 ildir futbol oynamırdı. Bəziləri uşaqdır, yaşı azdır. Biri var qorxaq, biri də var ehtiyatlı oynamaq. Biz də ehtiyatlı oynayıb, rəqib haqda məlumat toplamaq istədik. İkinci hissə fərqli oldu. Oyun üslubunu dəyişdik. Rəqibi öz meydançasında təzyiq altında saxlayıb, topu alıb, sürətli əks-hücumlardan rəqibi cəzalandırmaq istədik. İkinci hissədə futbolçular verdiyimiz tapşırıqları yerinə yetirdilər. Uda da bilərdik, uduza da. Komandamız yaxşı oynadı.
"Kəpəz-2"-nin hədəfləri haqqında danışan Mərdanov qarşıya konkret məqsəd qoyulmadığını, buna baxmayaraq, əsas komanda üçün uşaq yetişdirmək istədiklərini bildirir:
"Komandamız yeni idi deyə, çempionat başlamazdan iki ay əvvəl seleksiya xarakterli məşqlər keçdik. Gəncədə nə qədər futbolçu vardısa, baxışdan keçirdik, ən yaxşılarını seçdik. Ayın 1-dən planımız üzrə hazırlaşmağa başladıq. Qısa müddətdə nə ediksə, onun bəhrəsini görəcəyik yəqin ki. Əslində, hədəfimiz yoxdur. Düzdür, hədəfsiz iş olmur. Ancaq hazırda əsas hədəfimiz əsas komandaya futbolçu yetişdirməkdir. Gənc futbolçuları üzə çıxarıb əsas komandaya namizəd kimi təqdim etmək istəyirik. Təbii ki, məşqçinin də öz fikirləri var. O demək deyil ki, uşaq yetişdirirk deyə gələnə uduzmalıyıq. Fikrimiz odur ki, gözəl oyun göstərək, uşaqlara futbol öyrədək. Nəticə də önəmlidir. Nə yer, nə də çempionluq uğrunda oynayırıq”.
"Kəpəz”in əsas komandası stadion baxımından əziyyət çəkir. "Bəs əvəzedicilər harada oynayacaq” sualını cavablandırarkən, məşqçi bu haqda məlumatı olmadığını deyir:
"Əslində, biz də bilmirik hansı stadionda oynayacağıq. Yəqin ki, öz meydançamızda, azarkeş buraxılmaması şərtilə oynayacağıq. Bəlkə də AFFA oyunlarımızı hansısa stadiona salacaq, dəqiq bilmirik. Gözləmə mövqeyindəyik. Evdə oynasaq, daha yaxşı olardı. Başqa variant yoxdur, necə olacaq, allah bilir”.
Mərdanov Birinci divizionun durumunu da qiymətləndirir. O, əvəzedicilərlə Birinci Divizion komandalarının ayrı-ayrı çempionatlarda oynamasının vacibliyini vurğulayır:
"Yaxşı olardı ki, Birinci Divizion klubları ilə əvəzedicilər ayrı-ayrı yarışlarda iştirak etsin. Çünki yaş fərqi var. Bizdə elə futbolçular var ki, Birinci Divizion komandalarının oyunçularına gücləri çatmır. Onlar bir qədər kişiləşmiş formadadırlar, bizdə isə balaca uşaqlardır. Çempionatt davam edir, bəlkə də yaxşı, maraqlı keçəcək. Gələcək haqda indidən nəsə demək mümkün deyil”.
Məşqçi maliyyə problemini də qabardır. O, klubun maliyyə durumunun düzələcəyinə inandığını da deyir:
"Komndanın gələcəyi yaxşı və ya pis ola bilər. Hər şey maliyyədən asılıdır. Onu biz müəyyənləşdirmirik. Ancaq maliyyə baxımından problemlər var. Tək bizdə deyil, klubların çoxunda belədir. AFFA bunu nəzərə alıb, yoluna qoyar inşallah. Pulsuz kim işləyər ki? Fəhləyə bir gün pul verməyəndə, növbəti dəfə işə gəlmir. Maliyyə əsas rol oynayır. Ədalətli danışım, biz futbol oynayan vaxtı bir az maliyyə problemi olanda meydana çıxmaq istəmirdik. Nə qədər pulsuz oynamaq olar? Bir ay, iki ay işə pulsuz gedəcəksən, sonra deyəcəksən ki, nəyimə lazım. Mindəbir adam olar ki, fanatlıq edər, belə işləməyə razılşar. Hər yerdə belədir”.
Veteran futbolçu, azarkeşlərin əvəzedici komandanın məşqlərinə marağı olduğunu və onlara dəstəklərini əsirgəmədiklərini də söyləyir:
"Azarkeşlər həm əsas, həm də əvəzedicilərə çox diqqət edirlər. Yoldaşlıq görüşləri zamanı azarkeşlərimiz hər tərəfə səpələnirlər, dəstək göstərirlər, sağ olsunlar. Onların dəstəyinə ehtiyacımız var. Azarkeşsiz çempionat maraqlı olmaz”.
Səbuhi Həsənov