
Rüfət Muradlı: “Kərküklü soydaşlarımız hiss etməlidirlər ki, sahibsiz deyillər”
“Məncə, baş verənlərə bütün türk-islam dünyası biganə qalmamalıdır. Türkiyənin çiyninə isə bəlkə də, 2003 cü il 2 mart təzkirəsini qəbul etməklə üzləşdiyi fiaskonun əvəzini çıxmaq üçün daha ağır yük düşür. Azərbaycanın da özəlliklə Kərküklü soydaşlarımıza “sahibsiz deyilsiniz” mesajını verməsi vacibdir”.
Bunu Ümid Partiyasının sədr müavini Rüfət Muradlı son günlər “İraq Şam İslam Dövləti” ordusunun İraq şəhərlərini işğal etməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, regionda bəşəriyyət üçün qorxulu olaylar baş verməkdədir: “Bütün dünyanın gözü önündə İslamdan son dərəcə dəhşətli bir görüntü sərgiləyən az saylı bir ordu İraq şəhərlərini işğal edərək irəlilədi. Günahsız insanların qanı töküldü, insanlıqdan uzaq vəhşiliklər törədildi. Təəsüflər olsun ki, bu olaylar qarşısında beynəlxalq ictimaiyyətin kifayət qədər ciddi reaksiyasını görmədik. Ortada isə açıq aşkar terror baş verir. İraq şəhərləri ard-arda işğal olunub. Təbii ki, baş verənlərin yalnız minə yaxın silahli terrorçunun əli ilə həyata keçirdiyini qəbul etmək sadəlövhlük olardı.
Mənim düşüncəmə görə, bu qruplaşmanın fəaliyyəti İraq sərhədlərini aşa bilməyəcək. Azərbaycana gəlincə, bizim ölkəmiz nə indi nə də gələcəkdə şəriət dövlətinin yaranması üçün münbit olmayıb, əslində heç bunun üçün sosial baza da yoxdur. Əgər qonşu İrana nəzər salsaq, 1979 cu ilə qədər ölkədə söz sahibi olan kifayət qədər din xadiminin kənarında və arxasında, onlara təqlid edən çoxlu sayda dindar əhali var idi. Hələ dini kəsimə dəstək verən solçuları da diqqətdən qaçırmayaq. Bizdə isə durum təmamilə fərqlidir. Azərbaycan insanı dünyəvi, eyni zamanda insan mehvərli, insana dəyər verən bir quruluşun olmasını arzulayır. İŞİD-nin isə inanmiram ki, Azərbaycanda elə bir ciddi tərəfdarları olsun. Hər halda bununla müvafiq təhlükəsizlik qurumlarımızın da ciddi fəaliyyəti tələb olunur”.
R.Muradlı qeyd edib ki, İraqda baş verən insan faciəsinin qarşısı alınmalıdır: “Orada məzlum insanlar qırılır. Bizim üçün hər bir İraq vətəndaşı əzizdir. Amma orada həm də çox məzlum bir durumda qalan 100 minlərlə soydaşımız da yaşayır. Kərkükün zaman zaman müxtəlif terrorçu qruplara “yem” edilməsi bizi çox üzür. Məncə, baş verənlərə bütün türk-islam dünyası biganə qalmamalıdır. Türkiyənin çiyninə isə daha çox - 2003 cü il 2 mart təzkirəsini qəbul etməklə üzləşdiyi fiaskonun əvəzini çıxmaq üçün daha ağır yük düşür. Azərbaycanın da özəlliklə Kərküklü soydaşlarımıza “sahibsiz deyilsiniz” mesajını verməsi vacibdir”
Qaynar.info