Bakı şəhərinin Nizami rayonu, Keşlə qəsəbəsində anbarda baş vermiş yanğın nəticəsində evinə ciddi ziyan dəydiyini bildirən sakin aidiyyəti qurumlardan və məsul şəxslərdən kömək istəyir.
Nizami rayonu, Keşlə qəsəbəsi, Abdulla Mirzəyev küçəsi 55 ünvanında yaşayan Qasımova Kifayət Teymur qızı Qaynarinfo-ya bildirib ki, iyunun 4-də yaşayış evlərinə çox yaxın məsafədə yerləşən anbarlarda baş verən yanğın nəticəsində ətrafdakı bir neçə evə ziyan dəyib. Ən ciddi zərəri isə onların yaşadığı ev çəkib.
Şikayətçinin sözlərinə görə, yanğın zamanı aparılan söndürmə işləri və sonrakı günlər yağan leysan yağışlar nəticəsində evin dam örtüyü tamamilə dağılıb. Bunun nəticəsində mənzilin daxili hissəsi də yararsız vəziyyətə düşüb, divarlar, döşəmə və ev əşyaları ciddi zərər görüb.
Sakin bildirib ki, hadisədən qısa müddət əvvəl evdə əsaslı təmir işləri aparılıb. Lakin hazırda mənzildə normal yaşayış mümkün deyil. Bu səbəbdən yeni dünyaya gələn nəvə qohumların evinə köçürülüb. Ailənin digər üzvləri isə çətin şəraitdə həmin evdə qalmağa məcbur olduqlarını bildirirlər.
Kifayət Qasımovanın iddiasına görə, yanğından sonra anbarın sahibi olduğu bildirilən Roman Cəfərovun oğlu Fuad Cəfərov onlarla əlaqə saxlayaraq dəymiş ziyanın tam şəkildə ödəniləcəyini bildirib. Daha sonra həmin şəxslərin nümayəndələri evə baxış keçirərək yaşayış üçün yararsız vəziyyətə düşdüyünü təsdiqləyiblər.
Lakin aradan həftələr keçməsinə baxmayaraq, zərərin aradan qaldırılması istiqamətində hər hansı iş görülməyib. Şikayətçinin sözlərinə görə, indiyədək yalnız bir neçə ədəd şifer gətirilib.
"Bizə dedilər ki, dəymiş ziyan ödəniləcək. Amma bu günə qədər yalnız bir neçə şifer gətiriblər. Nə dam örtüyü bərpa olunub, nə də evin içərisində yaranmış zərərlərlə bağlı hər hansı tədbir görülüb”, deyə sakin bildirib.
Kifayət Qasımovanın sözlərinə görə, məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətinə də müraciət olunub. Lakin müraciətdən sonra da problemin həlli istiqamətində hər hansı nəticə əldə edilməyib.
Sakin bildirir ki, yaxın günlərdə Nizami Rayon Prokurorluğuna və Fövqəladə Hallar Nazirliyinə rəsmi müraciət edəcək. O qeyd edib ki, müraciətlərinə cavab verilməyəcəyi təqdirdə ölkə rəhbərliyinə müraciət etmək niyyətindədir.
Zərərçəkən ailə baş vermiş hadisənin araşdırılmasını, dəymiş ziyanın qiymətləndirilməsini və məsul şəxslərin öhdəliklərini yerinə yetirməsini tələb edir.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün anbarın sahibi olduğu bildirilən Roman Cəfərovla əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz nəticəsiz qaldı.
Seyid
Şərhlər