Xəbər lenti

“Kim birliyi pozsa, hakimiyyətə işlədiyi aydın olacaq”
Siyasət13:13 10.04.2013

“Kim birliyi pozsa, hakimiyyətə işlədiyi aydın olacaq”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hacıbaba Əzimov: “Biz yığışmamışdıq ki, hərəkatı elan edək”

“Aprelin 5-də keçirilən yığıncağa dəvət etdiklərimin hamısı gəldi. Bir-iki nəfər də üzrlü səbəblərdən gəlməmişdi. Dəvət etdiklərimin 95%-i toplantıda iştirak edirdi”.

Bunu Qaynar.info-ya Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMBP) sədri, professor Hacıbaba Əzimov təşkil etdiyi müxalifət partiyalarının görüşündən danışarkən deyib. 

H.Əzimovun sözlərinə görə, iclasda hər kəs açıq şəkildə fikrini ifadə edib: “Təşəbbüsüm bundan ibarətdir ki, ümumxalq hərəkatı yaradılsın. Bu xalq hərakatında demokratik düşərgəyə aid partiyalar, QHT-lər, gənclər təşkilatları, ziyalılar iştirak edə bilərlər. Keçirilən toplantıya dəvət edilən insanlar hərəkatın rəhbər heyətində təmsil olunması nəzərdə tutulan, həm də bu hərəkatın təsisçiləri ola bilənlər idi. Yığıncağa dövlət qeydiyyatı olan partiya sədrləri, görkəmli ziyalılar dəvət olunmuşdu. Bu toplantıda məqsədimiz o deyildi ki, oradaca ümumxalq hərəkatını elan edək. Partiya sədrləri ilə ümumi birliklə bağlı müzakirələr aparsam da, hərəkatla bağlı heç bir söz deyilməmişdi. İndi isə hamı bir yerdə bu məsələni müzakirə etdi ki, belə bir niyyətimiz var. Bu niyyət də plansız idi. Ona görə də heç kəs deməsin ki, yığışdılar, bir şey alındıra bilmədilər. Biz yığışmamışdıq ki, hərəkatı elan edək”.

VAMBP sədri növbəti görüşün vaxtını da açıqlayıb: “Orada qərara gəldik ki, növbəti görüş aprelin 12-də baş tutsun. Amma görüşün günü dəqiq deyil, bəzi məqamlar var, onlar dəqiqləşdirilməlidir. Görüş bu həftə olmasa da, gələn həftənin əvvəllərində keçiriləcək. Hansısa partiya bu rejimin dəyişməsini istəyirsə, deməli, belə bir təşəbbüsü dərk edib, qəbul edəcək. Düzdür, Rüstəm İbrahimbəyov  Milli Şura ideyasını irəli sürüb. Hələ ki Milli Şura ümumi sözdür, bunun idarəetmə strukturunun necə olacağı qeyri-müəyyəndi. Bizim nəzərdə tutduğumuzu da Milli Şura adlandırmaq olar. Bununla iş həll edilmir. Bu hərəkatda hamı birləşəcək”.

H.Əzimov partiyaların birliklə bağlı bir-birlərini ittiham etmələrinə də münasibət bildirib: “Müxalifət partiyaları müəyyən məqamlarda bir-birlərini ittiham edirlər. Hesab edirəm ki, birliyin alınmaması da belə hərəkətlərə rəvac verir. Birlik olsa, o məsələlər aradan qalxar. Burada kimsə getmək istəməsə, bu işi pozmaq istəsə, deməli, onun bu millətə heç nə vermək fikri yoxdur, hakimiyyətlə əlbirdi, bu hakimiyyətin mənafeyinə xidmət edir. Hələki belə bir meyl hiss olunmayıb”.

Qeyd edək ki, aprelin 5-də Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında VAMBP Hacıbaba Əzimovun təşkilatçılığı ilə bir sıra müxalifət partiyalarının rəhbərlərinin görüşü keçirilib.

İlkin
Qaynar.info