"İndiki vəziyyətdə AB-nin prosesə töhfə verəcəyi qaranlıqdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM sədrinin müavini Nazim Cəfərsoy Ukrayna Prezidenti Volodimir Zelenskinin Kiyevin Avropa Birliyinə üzvlük üçün ərizəni imzalamasına münasibət bildirərkən deyib:
"Ukraynanın Avropa Birliyinə üzvlüyü məsələsinə hazırkı şərtlər daxilində baxsaq, onu mövcud vəziyyət və gələcək etibarı ilə iki cür qiymətləndirmək olar. Mövcud vəziyyətdə Kiyev üçün lazım olan atəşkəsin təmin edilməsidir. Ancaq üzvlüklə bağlı proses baş tutsa belə, bu atəşkəsin dayandırılması və rus ordusunun Ukraynanı tərk etməsinə səbəb olmayacaq”.
Digər tərəfdən, həmsöhbətimizə görə AB-yə üzvlük Kiyev üçün sadələşdirilsə də, bu, yetərincə vaxt tələb edən prosesdir:
"İndiki halda isə Kiyev üçün insani, siyasi, hərbi baxımdan 1 gün, 1 həftə belə çox önəmlidir. Atəşkəs baş verəndən, rus ordusu ilə bağlı vəziyyət müəyyənləşəndən, Kiyevlə Moskva arasında müzakirə nəticəsində müəyyən nəticə doğandan sonra AB normal prosedur qaydasına dönərək Ukraynadan müxtəlif standartların tətbiqini istəyəcək. Təbii ki, dağılmış Ukraynanın ilkin mərhələdə tələb olunan standartların 10 faizinə cavab vermək şansı belə yoxdur”.
Ekspert düşünür ki, AB-nin hazırkı situasiyada təhlükəsizlik riskini önə çəkərək buna gedəcəyi şübhəlidir:
"İkinci bir tərəfdən, AB Ukraynanı ağışuna almaqla birbaşa özü təhdid olaraq gördüyü Rusiya ilə sərhəd olur. Bu mənada qurumun bundan doğan təhlükəsizlik risklərini qəbul edəcəyinə şübhələnirəm.
Önümüzdəki günlərdə Ukraynada vəziyyətin necə olacağını bilmirik. Həmçinin, Kiyev tərəfindən müqaviləni imzalayan hakimiyyətin bir aydan sonra aqibətinin necə olub-olmayacağını bilmirik. İndiki hakimiyyətin yerinə gətiriləcək qüvvələr hansı mövqe tutacaq?
Yəni Ukraynanın AB-yə üzvlüyü məsələsində həm təhlükəsizlik, həm iqtisadi, həm siyasi, həm də geosiyasi aspekt baxımından böyük problemlər var və bu problemlərin viran qalan ölkəyə nə gətirəcəyi konkret deyil. Ölkənin quruma üzv olacağını təsəvvür etsək belə, sabahı günü rus ordusunun Ukraynanı tərk edəcəyi gözlənilmir”.
Rüfət Sultan