Xəbər lenti

Kiyevdə matəm elan edildi
Dünya 11:16 02.07.2026

Kiyevdə matəm elan edildi

Kiyevdə Rusiyanın kütləvi hücumu nəticəsində həlak olanların xatirəsinə iyulun 3-ü matəm günü elan edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə paytaxtın meri Vitali Kliçko məlumat verib.

Onun sözlərinə görə, həmin gün şəhərdəki bütün bələdiyyə binalarında dövlət bayraqları yarıya endiriləcək. Dövlət qurumlarına və özəl müəssisələrə də dövlət bayraqlarını yarıya endirmək tövsiyə olunub: "İyulun 3-də şəhərdə bütün əyləncə xarakterli tədbirlərin keçirilməsi qadağandır".

Hazırkı məlumata görə, Kiyevdə hücum nəticəsində 13 nəfər həlak olub.

İyulun 2-nə keçən gecə Rusiya Kiyevə ballistik raketlər və zərbə tipli pilotsuz uçuş aparatları ilə kütləvi hücum həyata keçirib. Bakı vaxtı ilə saat 10:00-a olan məlumata əsasən, 13 nəfərin həlak olduğu, 56 nəfərin isə yaralandığı təsdiqlənib. Yaralananlar arasında iki uşaq da var. Hücum nəticəsində şəhərin müxtəlif rayonlarında dağıntılar və yanğınlar baş verib.

Şevçenkivski rayonunda yaşayış binası dağılıb, tibb müəssisəsinə qismən ziyan dəyib. Holosiivski rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib, Desnyanski rayonunda isə yaşayış binasına ziyan dəyib. Bundan başqa, Peçerski, Solomyanski, Obolonski, Podilski və Svyatoşinski rayonlarında da hücumun nəticələri qeydə alınıb.

Eyni vaxtda Rusiya qüvvələri Kiyev vilayətinə də zərbələr endirib. Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Mikola Kalaşnik bildirib ki, Buça, Brovarı, Obuxiv, Fastiv və Vışhorod rayonlarında dağıntılar qeydə alınıb. Hücum nəticəsində fərdi yaşayış evləri, yataqxana, anbarlar və avtomobillər zədələnib.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya hücum zamanı müxtəlif tipli 496 pilotsuz uçuş aparatı və 74 raketdən istifadə edib.

Məlumata əsasən, əsas hədəf Kiyev olub. Hücumun əsas xüsusiyyəti müxtəlif istiqamətlərdən eyni vaxtda müxtəlif tipli hava hücum vasitələrinin, o cümlədən çoxlu sayda ballistik raket və zərbə tipli pilotsuz uçuş aparatlarının tətbiqi olub.

Aydın
--> -->