Ukrayna Prezidenti Volodimir Zelenski son müraciətində NATO-dan ölkəsinin hava məkanının bağlanmasını, bu mümkün olmadıqda isə heç olmasa hərbi təyyarələr verilməsini istəyib. Hətta bununla bağlı petisiya da imzalanıb. Hansı ki, petissiyanı 1 milyondan çox adam imzalayıb.
Bu müraciət ilk növbədə onu göstərir ki, Ukrayna hava hücumundan müdafiə sahəsində aciz durumdadır. Bunun nəticəsində Rusiya hərbi təyyarələri getdikcə daha çox həcmdə Ukrayna ərazisinə zərbələr endirə bilir. Bu, həm də ona işarədir ki, Ukraynanın hərbi təyyarələri, pilotların qəhrəmanlığına baxmayaraq, tükənmək üzrədir.
Bu məqamda maraqlıdır, NATO Kiyevin bu çağırışına müsbət cavab verəcəkmi?
Səmanın bağlanması fonunda Ukraynanın hava məkanı hərbi təyyarələr tərəfindən nəzarətə alınacaq və həmin ərazidə digər hərbi təyyarələrin uçuşuna qadağa qoyulacaq. Bu rolu isə şübhəsiz ki, NATO qüvvələri icra etməli olacaq. Belə vəziyyətdə isə müharibəyə qoşulmadığını bəyan edən NATO istər-istəməz prosesin içinə düşəcək. Bu isə Rusiya ilə NATO-nun toqquşması anlamına gəlir. Şimali Atlantika Alyansı isə bunu istəmir.
Bunun alınmadığı təqdirdə, hərbi təyyarələrin verilməsinə gəldikdə, çox güman, NATO buna gedər. Ancaq belə bir versiyanın reallaşması ehtimalı da aşağıdır. Çünki Qərbin göndərəcəyi təyyarələri Ukrayna pilotları hələlik idarə etməkdə çətinlik çəkir. Onların bu sahədə təcrübə toplamaları üçün vaxt lazımdır. İndiki halda isə, Ukraynanın buna vaxtı yoxdur. Onda Ukraynaya üz tutacaq həmin təyyarələri elə NATO-ya üzv ölkələrinin pilotları idarə etməli olacaq. Lakin bunun özü də artıq NATO-nun prosesə müdaxiləsi və Moskva ilə kəllə-kəlləyə gəlməsi demək olacaq.
Ona görə də Zelenskinin həmin müraciətini, hətta 1 milyondan çox imza toplansa da, NATO-nun müsbət cavablandıracağı ağlabatan deyil.
Rüfət Sultan