
Könül Şamilqızı
Müsavat Partiyası həm də ona görə böyük partiyadır ki, ölkə üçün tələb elədiyi demokratik prinsipləri öz daxilində tətbiq eləməyi bacarır. Azərbaycanlı mentalitetim İsa bəyin başqanlıqdan getməsinə hər nə qədər qarşı olsa da, başqanlığı İsa bəydən başqa kimsəyə yaraşdırmasa da; İsa Qəmbərdən başqa kimsənin İsa Qəmbər ola bilməyəcəyinə əmin olsam da, əvvəlcədən bir adam tərəfindən hazırlanmış siyahıyla deyil, Müsavatçıların gizli səsverməsiylə seçilmiş ve bununla qürur duyan Məclis üzvü olaraq yapılanın demokratiyaya, demokratik prinsiplərə töhfə olduğunu düşünürəm. Yeni dönəm Azərbaycan siyasətinə gizli səsverməni, ilkin seçkini (demokartik seçkini), qadınlar üçün kvotanı gətirən siyasi təşkilatın başqanlıqla bağlı bu cəsur qərarının tarixə yazılacağına əminəm. Hər nə qədər namizəd olan dostlarımızın bəzi dostları mübarizəni Azərbaycansayağı aparsalar da, bəzən çərçivələri aşsalar da, qurultaydakı səsvermənin şəffaf keçəcəyinə və Müsavatı dəyər olaraq qəbul eləyən hər kəsin bu nəticələrə hörmətlə yanaşacağına heç bir şübhəm yoxdu...
1997-ci ildən Müsavat Partiyasının üzvüyəm. Heç bir seçkidə, heç bir yarışda, heç bir mərhələdə heç bir qrupun yanında yer almamışam və bununla qürur duyuram - çünki qrupbazlığın hər bir halda zərərli və başqaları tərəfindən istifadəyə açıq olduğunu düşünürəm. Müsavat Partiyasının sadəcə üzvü olmamışam, həm də jurnalist olaraq Müsavat Partiyasının mətbəxində olmuşam, bir çox dostlarımızın bildiyi və bilmədiyi çox mətləblərdən xəbərim olub və var. Bütün namizədləri yaxşı tanıyıram ve heç biriylə problemim-filan da yoxdu.
Bugünkü başqanlığa namizədlərin heç biri mənim namizədim deyil. Ancaq canım dostum Alya Yagublunun çox gözəl ifadə elədiyi kimi, haqq edənin Müsavat başqanı olmasını istəyirəm ve bu situasiyada haqq edənin Arif Hacılı olduğunu düşünürəm.
Bütün mənfi ve müsbət xüsusiyyətləri, bütün nöqsanları ve üstünlükləri ilə birlikdə Arif Hacılı Müsavat Partiyasındakı yerini və o yerin qiymətini bilən, ən qəliz situasiyalarda Müsavat Partiyasının mənafelərini düşünmə bacarığını sərgiləyən adam olub. İncisə də, hirslənsə də, durumundan məmnun olmasa da nə "mən gedirəm" deyib kimsəni hədələyib; nə kulislərdə, nə mətbuatda İsa Qəmbərin və partiyanın əleyhinə fəaliyət aparıb. Nə Müsavat Partiyasının deyil, digərlərinin günahı ucbatından gərginləşən müxalifətdaxili münasibətlərdə "hörmətli oğlan" olmaq üçün müdrikcəsinə susub oturub; nə partiyadakı sıradan adamların belə görmək istəmədiyi, özünə yaraşdırmadığı "apar-gətir" işlərini görməkdən çəkinib. Partiyanı, başqanı müdafiə etmək lazımdırsa, qabağa çıxıb; mitinqə, piketə getmək lazımdırsa, hamıdan öndə olub; məhbusun, xəstənin arxasınca getmək lazımdırsa, tərəddüd belə etmədən hamıdan əvvəl davranıb; birinin ehtiyacı varsa, hamıdan əvvəl yardıma qaçıb.
Əlqərəz, Müsavat başqanlığını Arif Hacılının haqq etdiyini düşünürəm ve Müsavat Partiyasının Qurultay üzvlərinə ən doğru seçimi etmələrini arzulayıram. Necə düşünməyimizdən, kimi dəstəkləməyimizdən asılı olmayaraq, haqq edən qazansın, qazanana uğurlar olsun!
P.S. Yenə təkrar olacaq, amma mən de Müsavat Partiyası Məclis üzvlüyünə namizəd olmayacağımı və partiyada hər hansı post, imtiyaz, "sağ ol" təmənnam olmadığını, sıravi müsavatçı olaraq yola davam edəcəyimi bildirmək istəyirəm.
Qaynar.info