Xəbər lenti

Köçəryan-Sarkisyan cütlüyü hakimiyyətə qayıdarsa… - Politoloq
Siyasət 13:10 17.05.2022

Köçəryan-Sarkisyan cütlüyü hakimiyyətə qayıdarsa… - Politoloq

Ermənistan müxalifətin etiraz aksiyasına yenidən start verilib. Məlumata görə, nümayişçilər İrəvanda bir sıra küçələri bağlayıblar. Xatırladaq ki, erməni müxalifətinin mitinqləri aprelin sonlarından başlayıb. Müxalif qüvvələr Paşinyan hakimiyyətini Qarabağ məsələsində erməni maraqlarını satmaqda ittiham edərək, onun istefasına çalışır. Lakin görünən odur ki, müxalifət mitinqlərə elə də çox adam toplaya bilmir. Paşinyan da hələlik özünü bir qədər arxayın aparır. Hətta aksiyalara fikir belə vermədən xaricə səfərlər də edir. Eyni zamanda, o, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına başlamaq üçün ilkin addımlar atılıb. 

Bununla belə keçirilən etiraz aksiyaları fonunda Köçəryan-Sarkisyan cütlüyü yenidən hakimiyyətə gəlsə, yaranmış vəziyyət sülh danışıqlarına da təsir edə bilərmi? Belə olan halda, Bakı Köçəryan-Sarkisyan cütlüyü ilə sülh danışıqları aparacaqmı? Qeyd edək ki, Bakı ilə İrəvan arasında 10 noyabr, 11 yanvar və 26 noyabr sənədləri imzalanıb. Hansı ki, beynəlxalq nəzarət altında bu sənədlərdən irəli gələn müddəalar icra olunmalıdır. Yəni İrəvanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Ermənistan mövcud vəziyyətlə barışaraq, istəsələr də, istəməsələr də, bütün hallarda sülh danışıqlarına getməyə məcburdur. Amma sözügedən qüvvələr sülh danışıqlarına getməli olsalar da, çox güman ki, prosesi uzatmağa, özləri üçün əlverişli məqamı gözləmək adı ilə vaxt udmağa çalaşacaqlar. Amma bütün hallarda bu addımları da Ermənistanı xilas etməyəcək. Belə ki, Köçəryan və ya Sarkisyanın hakimiyyətə gələrək bir başqa mövqe sərgiləməsi Ermənistanı daha böyük uçuruma salacaq. Bu fonda Azərbaycan yenidən antiterror əməliyaytları keçirərək, Ermənsitanın tamamilə diz çökməsinə nail olacaq. 

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən politoloq Xəyal Bəşirov bildirir ki, Ermənistanda revanşist qüvvələr hakimiyyətə gəlsələr də belə, onların Azərbaycanla Ermənistn arasında əldə edilən razılaşmalardan kənara çıxmaq cəhdləri uğursuzluğa düçar olacaq. Yəni onlar da mövcud vəziyyətlə barışmalı olacaqlar. Azərbaycan Ermənistanda kimin iqtidarda olub-olmamasından asılı olmayaraq, konstruktiv yanaşma davam edəcəyi təqdirdə, Köçaryan-Sarkisyan cütlüyü ilə də danışıqları davam etdirə bilər:

"Ermənistan yenidən çalxalanır. "Qarabağ klanı” Azərbaycanla sülh sazişinin imzalanmasına mane olmaq istəyir. Çünki onlar bilirlər ki, sülh sazişinin imzalanması ilə Köçəryanla Sarkisyan kimiləri siyasi səhnədən silinəcəklər. İrəvanın Bakı və Ankara ilə münasibətlərinin normallaşması erməni lobbi və diasporasının mövcudluğunu da sual altına qoyur. Çünki onların mövcudluğunun əsası türkə düşmən mövqeyi üzərində qurulub. Amma müxalifətin mitinqlərinə çox az insan toplaşır. Bu mənada "Qarabağ klanı” üzvlərinin yenidən hakimiyyətə gəlməsi ehtimalını görmürəm”.

Həmsöhbətimiz qeyd edir ki, 10 noyabr, 11 yanvar və 26 noyabr bəyanatları, Brüsseldə 14-15 dekabr və aprel görüşlərilə əldə edilən rəsmi razılaşmalar Ermənistanın hansısa bir şəxsi tərəfindən deyil, Ermənistan dövləti tərəfindən götürülən öhdəliklərdir:

"Ona görə də Paşinyanın hakimiyyətdən getməsi, Köçəryan-Sarkisyanın iqtidara gəlib-gəlməməsindən asılı olmayaraq, Ermənistan dövləti adından atılan həmin imza İrəvanı götürdüyü öhdəliklərindən azad etmir”. 

Başqa bir tərəfdən, ekspertə görə, Qərblə Rusiya da hazırda sülh müqaviləsinin bağlanmasında maraqlıdır: 

"Problemlərə başı qarışan Moskvanın özündə belə Ermənistana əvvəlki dəstək yoxdur. Belə durumda, kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, İrəvanın öhdəliklərdən boyun qaçıraraq, yenidən Azərbaycana qarşı ərazi iddialarında bulunması Ermənistan üçün daha ciddi fəsadlar yaradacaq. Bu öhdəliklərdən boyun qaçırması artıq İrəvanın Azərbaycanla yenidən düşmənçilik mövqeyi tutması demək olacaq ki, yaranmış vəziyyət Bakının haqlı cavabına səbəb ola bilər. Ermənistanın hər hansı düşmənçilik addımına dərhal sərt reaksiya veriləcək. Dünya gücləri də Ermənistanda hakimyyət dəyişsə də belə, revanşist qüvvələrin sülh müqaviləsindən imtina etmələrinə imkan verməyəcək”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->