XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Kolleclərdə struktur islahatları: Universitet inteqrasiyası və yeni subbakalavr statusu təhsilə nə qazandıracaq?
Ölkə15:05 09.10.2026

Kolleclərdə struktur islahatları: Universitet inteqrasiyası və yeni subbakalavr statusu təhsilə nə qazandıracaq?

Azərbaycanda bəzi kolleclərin universitetlərin strukturuna daxil edilməsi, digərlərinin isə ləğvi məsələsi müzakirə olunur. Dəyişikliklərin orta ixtisas təhsili müəssisələrinin fəaliyyətinə, tədrisin keyfiyyətinə və tələbələrin gələcək imkanlarına necə təsir göstərəcəyi isə diqqət çəkən əsas məqamlardandır.

Bəs bu dəyişikliklər kolleclərin fəaliyyətinə və tələbələrin gələcək imkanlarına necə təsir göstərəcək?

Fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Qaynarinfo-ya açıqlamasında bildirib ki, orta ixtisas təhsili müəssisələrində nəzərdə tutulan struktur dəyişiklikləri milli təhsilin gələcəyini formalaşdıran mühüm islahatdır.

Onun sözlərinə görə, hazırda bir sıra kolleclərin fəaliyyətində ciddi problemlər mövcuddur:

“Azərbaycanın orta ixtisas təhsili sistemində gözlənilən struktur optimallaşdırılması — bəzi kolleclərin universitetlərin daxili strukturuna inteqrasiya olunması, səmərəsiz fəaliyyət göstərənlərin isə ləğvi milli təhsilin gələcəyini formalaşdıran konseptual və qaçılmaz bir islahatdır. Mövcud reallıqda ölkədəki bir çox müstəqil regional və regional-sahəvi kolleclərin fəaliyyətini təəssüf ki, qənaətbəxş hesab etmək mümkün deyil. Bu müəssisələrin böyük əksəriyyəti ciddi institusional böhran yaşayır. Belə ki, maddi-texniki baza köhnəlib, müasir elmi-praktiki laboratoriyalar yox dərəcəsindədir və tədris proqramları rəqəmsal iqtisadiyyatın, eləcə də müasir əmək bazarının sürətli çağırışlarından tamamilə geri qalır. Nəticədə, kolleclərin bir qismi real mütəxəssis yetişdirmək missiyasından uzaqlaşaraq sadəcə formal diplomvermə mərkəzlərinə çevrilib ki, bu da həm dövlət büdcəsinin, həm də gənclərin ən dəyərli resursu olan zamanın səmərəsiz sərf olunması deməkdir”.

Sədr hesab edir ki, kolleclərin fəaliyyətinin yenidən təşkili, səmərəsiz müəssisələrin ləğvi və digər kolleclərin universitetlərin tabeliyinə verilməsi təhsilin keyfiyyətinin yüksəldilməsinə və resurslardan daha məqsədyönlü istifadəyə xidmət etməlidir:

“Bu baxımdan həyata keçirilən struktur islahatları təhsilin keyfiyyətini köklü şəkildə artırmağa yönəlmiş strateji xətt kimi dəyərləndirilməlidir. Əmək bazarında heç bir qarşılığı qalmayan ixtisasları tədris edən səmərəsiz kolleclərin ləğv edilməsi dövlət resurslarının daha aktiv və perspektivli sahələrə yönəldilməsinə, yəni resursların rasionallaşdırılmasına imkan verəcək. Hesab edirəm ki, kolleclərin öz profilinə uyğun universitetlərin tabeliyinə verilməsi isə təhsildə keyfiyyət kəmiyyəti üstələməlidir prinsipinin real təzahürüdür. Keçid mərhələsində idarəetmənin vahid standartlara uyğunlaşdırılmas və kadr islahatları zamanı müəyyən bürokratik adaptasiya çətinlikləri yaransa da, strateji perspektivdə bu addım orta ixtisas təhsilini müstəqil və zəif statusdan çıxarıb güclü bir universitet idarəetməsinin və elmi potensialının himayəsinə verməklə keyfiyyəti kəskin yüksəldəcək”.

İlqar Orucovun fikrincə, “Ali təhsil haqqında” yeni qanun layihəsində nəzərdə tutulan yanaşmalar çərçivəsində subbakalavr təhsilinin statusunun dəyişməsi struktur islahatları ilə yanaşı, tələbələrin akademik imkanlarını da genişləndirə bilər:

“Bu köklü dəyişiklik prosesi parlamentdə müzakirə olunan “Ali təhsil haqqında” yeni qanun layihəsinin fəlsəfəsinə söykənir və tələbələrə ciddi akademik imkanlar qazandırır. Yeni konseptual yanaşmaya görə, subbakalavr hazırlığı rəsmi qaydada ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsinin 5-ci səviyyəsinə, yəni qısamüddətli ali təhsil pilləsinə aid edilir və beynəlxalq praktikadakı subbakalavr peşə-ixtisas proqramları standartlarına tam inteqrasiya olunur. Hüquqi statusun bu cür dəyişdirilməsi diplomların həm yerli əmək bazarında, həm də beynəlxalq səviyyədə tanınması prosesində nüfuzunu əhəmiyyətli dərəcədə yüksəldir. Çünki orta ixtisas təhsili müəssisələrinin verdiyi sənəd artıq ali təhsil ekosisteminin rəsmi və ayrılmaz bir hissəsi kimi qəbul edilir. Eyni zamanda, kollec proqramlarının universitet kurikulumları ilə vahid standartlara uyğunlaşdırılması nəticəsində subbakalavrların topladığı 120 Avropa Kredit Transferi və Toplanması Sistemi krediti bakalavriat pilləsinə keçid prosesində birbaşa tanınacaq, beləliklə də ali təhsilə keçid mərhələsində yaşanan zaman itkisi və süni inzibati əngəllər tamamilə aradan qaldırılacaqdır. Universitetlərin strukturuna daxil edilən kolleclərin tələbələri həmçinin irihəcmli ali məktəblərin müasir laboratoriya bazalarından, rəqəmsal resurs mərkəzlərindən və yüksək elmi potensiala malik professor-müəllim heyətindən bakalavr pilləsində təhsil alanlarla tamamilə bərabərhüquqlu şəraitdə faydalanmaq imkanı qazanırlar”.

İlqar Orucovun qənaətinə görə, nəzərdə tutulan yeniliklər Azərbaycan təhsilinin beynəlxalq standartlara uyğunlaşdırılması baxımından da əhəmiyyətlidir:

“Hesab edirəm ki, bu yenilik Azərbaycanın təhsil mühitinin qlobal təhsil məkanına və Boloniya bəyannaməsinin tələblərinə tam adaptasiyası yolunda atılmış ən səmərəli addımlardan biridir”.

Günay İlqarqızı