Milli Məclisin iclasında “Elm haqqında” qanun layihəsi II oxunuşda müzakirə olunarkən deputatlar tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) institutların sayının həddindən çox olması haqqında fikirlər səsləndirilmişdi.
Məsələ ilə bağlı AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli Modern.az- a açıqlama verib. O bildirib ki, dünyada ən inkişaf etmiş akademiyalardan biri Çin Akademiyasıdır ki, orada son 10 ildə geniş islahatlar aparılıb və institutların sayı 2 dəfə artırılıb.
“Milli Məclisdə bu haqda danışanlar dünya təcrübəsini bilmirlər. Bir institutda 200 nəfər adamın çalışmağındansa, vahid bir istiqamət üzrə, o institutun ştat cədvəlini artırmadan, maliyyə qoymadan konkret mobil istiqamətlər üzrə bir neçə mərkəzə çevrilməsi daha yaxşıdır. Bu, elmin xeyrinədir. Dünyada iki model var.
Çin modeli- institutları 2 dəfə artırmaqla müasir elmin inkişafına nail olunub. İkincisi isə Polşa modelidir ki, burada Rəyasət Heyətinin imkanları azaldılıb, institutların sayı 2 dəfə artırılıb”.
Komitə sədri bildirib ki, “Elm haqqında” qanun layihəsinin müzakirəsi zamanı AMEA-da instututların sayının çox olmasından danışanlar dünya akademiyalarında gedən prosesləri bilmirlər.
“Yeni elmi institutları yaradarkən lüzumsuz institut və strukturlar yaratmaq lazım deyil. Azərbaycan Milli Elmlər Akademiyasında dünyada gedən proseslərə uyğun olaraq yeni elmi tədqiqat mərkəzlərinin və elmi tədqiqat-institutlarının yaranması prosesinə başlanılıb. Biz klassik modeli saxlamaq şərti ilə ştatları azaltmağı istəyirik.
Maliyyə vəsaiti tələb etmədən, konkret ölkə, region üçün aktual məsələlər üzrə yeni institutların yaradılmasını uyğun görürük.
Bu real islahatlardır. Bu istiqamətdə 4 İnstitut, bir neçə mərkəz Azərbaycanda açılıb ki, bunlar elmin müasirləşməsinə kömək edəcək addımlardır”.
Qaynarinfo.az