"Yeni nazir Arşak Karapetyanın Moskvaya səfərində Kreml onun vasitəsilə İrəvana yeni təlimatlarını verəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə Ermənistanın yeni təyin olunan müdafiə naziri Arşak Karapetyanın Moskvaya səfəri və Rusiya müdafiə naziri Sergey Şoyqu ilə görüşəcəyinə münasibət bildirərkən deyib.
Həmsöhbətimizin fikrincə, Moskva Ermənistanın yeni müdafiə nazirini Rusiyaya nə qədər bağlı olduğunu yoxlamaq üçün dəvət edib:
"Rusiya çalışır ki, Ermənistanda məhz onun marağını müdafiə edən şəxslər güc birliklərinə rəhbərlik etsin. Görünür, görüş çərçivəsində Sergey Şoyqu Arşak Karapetyana müəyyən təlimatlar da verəcək. Görüş fonunda ikitərəfli hərbi əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi də istisna deyil. Şoyqu Ermənistanın əvvəlki müdafiə naziri Arutyunyanla demək olar, hər həftə danışaraq, ona öz təlimatlarını verirdi. Belədə, anlaşılan odur ki, Arutyunyan kimi Karapetyan da eyni şəkildə təlimatlandırılacaq və əvvəlki tək Ermənistan ordusu birbaşa Rusiyanın kurasiyasında olacaq. Ermənistan ordusunun maddi-texniki təminat və təchizatı yenidən Rusiya tərəfindən təmin ediləcək. Habelə, Ermənistan Baş Qərargahının formalaşması və burada Rusiyaya yaxın zabitlərin təyin olunması da müzakirə predmeti olacaq. Kreml bu məsələdə İrəvana heç bir güzəştə getmək istəmir”.
Politoloq qeyd edib ki, Şoyqunun verdiyi təlimatları İrəvan qəbul etməsə, Rusiya Paşinyan hakimiyyətinə ciddi təzyiqlərə başlayacaq, ordusunun qurulmasına hər hansı bir dəstək verməyəcək:
"Karapetyan da, düşünürəm ki, müəyyən dərəcədə Rusiyaya bağlıdır. Belədə zənn edirəm, Ermənistan müdafiə nazirliyi əvvəlki kimi yenə də Rusiyanın bir bölməsi kimi fəaliyyət göstərməkdə davam edəcək”.
Rüfət Sultan