"Rusiya da atəşkəsə razı olacaq və nəticədə tərəflər danışıqlar mərhələsinə qədəm qoyacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Mehman Əliyev Ukraynanın Rusiya ilə müharibədə 30 günlük atəşkəs rejimilə bağlı ABŞ-ın təklifinə müsbət cavabını şərh edərkən deyib.
Mehman Əliyev bildirib ki, aAmerikanın təklif etdiyi kompromis atəşkəsin elan olunması, tərəflər arasında sərhəd təmas xəttinin olması və ardınca danışıqlar prosesinin başladılmasından ibarətdir:
"Kiyev bu təklifə razılıq verib. Ukrayna tərəfi əvvəllər ərazi bütövlüyü məsələsini, rusların keçən əsrin 90-cı illərin sərhədinə çəkilməsini tələb edirdi. Amma indi müharibəni mövcud vəziyyət şəklində dayandırmağa razılaşıblar. Görünür, Kiyevi təhlükəsizlik zəmanəti məsələsi də artıq qane edib".
Ekspertə görə, Rusiya da 30 günlük atəşkəsə razılıq verəcək:
"İndi qalır Rusiyanı da atəşkəsə inandırmaq. Fikrimcə, Moskva da müəyyən kompromisə gedəcək. İndi gözləyirəm ki, Trampla Putin arasında olan danışıqlar nəticəsində Kremldə mövcud vəziyyətlə razılaşacaq. Nəticədə atəşkəs elan ediləcək. Ardınca da növbəti proses, danışıqlar prosesi başlayacaq. Kiyev əsirlərin dəyişdirilməsi, saxlanılan mülki vətəndaş və aparılan uşaqların qaytarılması məsələsini də qaldırıb. Prinsipcə, Rusiya da bunlara gedə bilər. Tərəflər artıq danışıqlar prosesi ərəfəsindədir".
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqlar uğurla nəticələnib. Kiyev ABŞ-ın Rusiya və Ukrayna arasında 30 günlük atəşkəs təklifini qəbul etməyə hazır olduğunu bəyan edib. Bu barədə ABŞ Dövlət Departamenti Ciddədə baş tutan danışıqların yekunu ilə bağlı bəyanatda qeyd edib.
Qeyd edilib ki, bunun müqabilində Vaşinqton Ukraynaya hərbi yardımı və kəşfiyyat məlumatlarının mübadiləsinə qoyulan məhdudiyyəti dərhal aradan qaldıracaq. Həmçinin Zelenski və Tramp Ukraynanın mühüm mineral ehtiyatlarının işlənməsinə dair hərtərəfli sazişin tezliklə bağlanması barədə razılığa gəliblər. İndi qalır Rusiyanı da 30 günlük atəşkəs təklifinə razı salmaq.
Rüfət Sultan
Şərhlər