"Kreml İran vasitəsilə Ermənistan və Azərbaycana müəyyən təzyiqlər etməyi düşünür”.
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Rusiya müdafiə naziri ilə İran ordusunun Baş Qərargah rəisi arasında baş tutan telefon danışığını şərh edərkən deyib.
"Cənubi Qafqaz artıq Rusiyanın təsir dairəsindən çıxıb. Ona görə də Rusiya bu prosesə müttəfiqi olan İranı da qatmaq istəyir. Moskva İran vasitəsilə Ermənistan və Azərbaycana müəyyən təzyiqlər etməyi düşünür. Demirəm ki, bunu İranın bölgəyə qoşun yeritməsilə etməyə çalışacaqlar. Bu olmayacaq. Sadəcə olaraq, hər iki tərəf çalışır ki, təxribatlar, gərginlik yolu ilə İran bölgədə Rusiyanın mövcudluğuna bir növ dəstək olsun. Moskva istəyir ki, Azərbaycan daim İranla gərgin münasibətdə olsun və problem yarananda Rusiya dövriyyəyə girərək, hansısa bir barışıq missiyasını yerinə yetirsin”, deyə ekspert bildirib.
Həmsöhbətimiz qeyd edir ki, "batan gəmidə özü ilə cəhənnəmə yol yoldaşı axtaran" Rusiya faktiki olaraq İranı da öz komandasında görmək istəyir:
"Qərbin təzyiqləri və sanksiyaları Rusiya kimi İran üçün də ciddi çətinliklər yaradıb. Ona görə də bu iki ölkə bir-birindən çox möhkəm yapışıblar. Digər tərəfdən, Ukrayna cəbhəsində Rusiyanın yeganə ümidi İrandır. Rusiya dronlar, hərbi avadanlıqlar üçün zəruri olan çipləri İran vasitəsilə əldə edir”.
Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri arasında telefon danışığı baş tutub. Bildirilib ki, telefon danışığı zamanı ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlıq, regional təhlükəsizlik və beynəlxalq vəziyyət müzakirə edilib. Tərəflər müdafiə sahəsində dialoqu dərinləşdirmək və təmasları inkişaf etdirmək niyyətini təsdiqləyiblər.
Rüfət Sultan