Xəbər lenti

Kremlin həyəcan təbili: Putin Şimali Qafqaza ordu ilə gəlir (ANALİZ)
Siyasət10:21 13.05.2013

Kremlin həyəcan təbili: Putin Şimali Qafqaza ordu ilə gəlir (ANALİZ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qafqaz ÖMƏROV

Putin: "Yaxın zamanlarda Əfqanıstanda vəziyyət gərginləşəcək və biz bu bölgədən Rusiyanın cənubuna soxulmağa çalışan silahlı qruplara qarşı hazır olmalıyıq".

Dünyanın ən nəhəng dövlətlərindən, həm də nüvə dövlətlərindən biri olan Rusiyanın prezidenti Putinin verdiyi bu bəyanat, Qaynar.info saytında dərc olunmuş bir neçə siyasi araşdırmamda toxunduğum mövzunun və verdiyim analizin doğru olduğunu sübut etdi.

"Əlvida, Mister Karzay" və "ABŞ administrasiyasındakı sələfilər" başlıqlı yazılarımda verdiyim analiz və diqqət çəkdiyim problem haqqında bu dəfə Putin özü danışdı. Əgər izlədinizsə, sanki həyəcan təbili çalırdı Rusiya prezidenti. Əfqanıstandan çıxan ABŞ ordusundan sonra ölkənin taleyinin necə olacağını qara-qara düşünən Putin əvvəllər Orta Asiyadakı müttəfiqlərini düşünürdüsə, bu dəfə, Rusiyanın özünün təhlükə qarşısında olduğunu və bu təhlükənin Qafqaz regionundan gözlənildiyini açıq şəkildə vurğuladı.

Radikal qrupların illərdir at oynatdığı Şimali Qafqazın Əfqanıstanın, ABŞ ordusu çəkildikdən sonra "Taliban”ın nəzarətinə keçməsi ilə yenidən alovlanan bölgəyə çevriləcəyi haqda fikir səsləndirən şəxs Putindirsə, bu fikirlərin yalnız kəşfiyyat məlumatlarına əsaslanaraq söyləndiyi heç kəsdə şübhə doğura bilməz. Putinin narahatlığının ciddi olduğunu sübut edən bir neçə məsələni oxucularımızın diqqətinə çatdırmaq istəyirəm.

Birinci məsələ: Bu bəyanatların səsləndirilməsi ilə eyni vaxtda, Rusiya Müdafiə Nazirliyi ləğv edilmiş iki diviziyanın bərpa edildiyi haqda məlumat yaydı. Bu İkinci Dünya Müharibəsi illərində yaradılmış "Kantemirov" diviziyası və müharibədən bir il əvvəl yaradılmış "Taman" diviziyalarıdır. "Taman" diviziyası 1940-cı ildə yaradılıb. "Kantemirov" diviziyası isə 1942-ci ildə Stalinqrad döyüşünün gedişi zamanı yaradılıb. Hər iki diviziya moto-atıcı, piyada və tank briqadalarından ibarətdir. Yenidən formalaşdırılacaq olan hər iki diviziya Şimali Qazfaz bölgəsində yerləşdiriləcək. Bu, məsəlinin ciddiyyətini sübut edən Kremlin birinci addımıdır.

İkinci məsələ: Putinin göstərişi ilə Kollektiv Təhlükəsizlik Sazişinə daxil olan ölkələrin, Qazaxıstan və Orta Asiya respublikalarının ordularının möhkəmləndirilməsi üçün onlara müasir silahların verilməsidir. Şanxay beşliyinə daxil olan Orta Asiya ölkələrinin ordularına Rusiya yeni silahlar verərək, onları Əfqanıstan ərazisindən gələcək təhlükəni dəf etməyə hazırlayır.

Üçüncü məsələ:
Putinin göstərişi ilə, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə adı altında, yüksək peşəkarlığı olan kadrlardan ibarət xüsusi qrupların yaradılmasına başlanıb. Rusiya KİV-inə xüsusi xidmət orqanlarındakı mənbələrdən sızan və ya sızdırılan xəbərlərdə, bu qrupların Baş Kəşfiyyat İdarəsi və Federal Təhlükəsizlik Xidməti əməkdaşlarından ibarət olduğu bildirilir. Bu qrupların Orta Asiya və Şimali Qafqaz ərazisinə yerləşdiriləcəyi də gələn xəbərlər arasındadır.

Dördüncü məsələ: ABŞ qoşunlarının ölkəsini tərk etməyə başladığı Həmid Karzay başıalovlu Ağ Evin məmurlarından qoşunları çıxarmamağı, heç olmasa özünün və ətrafının təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməyi tələb etməyə başlayıb. Artıq az qala hakimiyyəti ələ almağa başlayan "Taliban”ın əlinə keçərsə, aqibətinin necə olacağını təsəvvür edən Karzayı sakitləşdirmək üçün Pentaqon Əfqanıstanda 12 minlik kontingentin qalacağını bəyan etdi. Ekspertlərin fikrincə, bu, aldadıcı manevrdir. ABŞ Əfqanıstandan çıxmaqda qərarlıdır və Həmid Karzayın hakimiyyəti amerikan əsgərlərinin ölkədən çıxması ilə birlikdə sona çatacaq.

Vəziyyətin ciddiyyətindən xəbər verən digər məsələ isə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin may ayının əvvəlində Astanada keçirilən türkdilli dövlətlərin xarici işlər nazirlərinin yığıncağında etdiyi çıxış zamanı Əfqanıstanın bütün Avrasiya üçün böyük təhlükə olduğunu vurğulamasıdır. Əslində, Əfqanıstan Kremlin baş politexnoloqu Aleksandr Duqinin ideoloqu olduğu "Avrasiya birliyi" ideyasının gerçəkləşməsinə ən böyük maneədir. Qərbin hədəfində olan Rusiyanın varlığı üçün bu birliyin yaranması əsas şərtdir.

Çinin və türkdilli ölkələrin köməyinə arxalanan Rusiyanın planını pozmaq istəyən ABŞ isə artıq öz oyununa başlayıb. Putinin bəyanatının ciddiyyətinə inansaq, döyüş poliqonuna çevriləcək iki bölgədən biri bizim yerləşdiyimiz regiondur. Şimali Qafqazda döyüşlərin bərpası Azərbaycanın Rusiyanın bu bölgəsi ilə sərhədlərini təhdid altına alır. Artıq dövlətin bu məsələləri nəzarətdə saxlaması, şimal sərhədlərimizin mökəmləndirilməsi üçün əlavə tədbirlər görməsi zəruri şərtdir. Əks təqdirdə konfliktin ölkəmizə sıçrama təhlükəsi var.

Qaynar.info