Xəbər lenti

Kremlin məkrli oyunu: Qarabağın “rus icması” hərəkətə keçdi (ŞƏRH)
Siyasət10:02 31.08.2023

Kremlin məkrli oyunu: Qarabağın “rus icması” hərəkətə keçdi (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Heç bir xarici ölkə, o cümlədən Rusiya Azərbaycan dövlətinin ərazisində təşkilat yaratmaq hüququna malik deyil”.
Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli Azərbaycanın Qarabağ bölgəsində "saxta rus icması" yaradılmasına münasibət bildirərkən deyib.
"Hər hansı bir icmanı yalnız Azərbaycanda yaşayan vətəndaşlar yarada bilərlər. Başqa bir dövlət Azərbaycan ərazisində hansısa bir icma və yaxud təşkilat yarada bilməz. Bu, Azərbaycan qanunlarına və beynəlxalq hüquqa uyğun gəlməyən məsələdir. Xankəndidə bir neçə il bundan əvvəl rus icmasının yaradılması məsələsi qaldırılmışdı. Qarabağa Rusiya hərbi kontingenti gələndən sonra həmin məsələ sürətləndirildi. Bir sıra erməni vətəndaşlarına Rusiya pasportu verildi”, deyə hüquqşünas bildirib.
Qulamhüseyn Əlibəyli vurğulayıb ki, Cənubi Osetiya, Abxaziya və Dnestryanıda oynanılan siyasi oyunu Kreml Qarabağda da oynamaq istəyib:
"Amma göründüyü kimi, onların bu məkirli niyyətləri baş tutmadı. Qarabağda heç kim rus və ya digər icma yarada bilməz. Orada yaşayanlardan kimlərəsə Rusiya pasportu verilibsə, onlar artıq Rusiya vətəndaşıdır. Azərbaycanda icma yaratmaq üçün mütləq bu ölkənin qanunlarına uyğun hərəkət etmək lazımdır. Rusiyanın bunun əksinə getməsi isə qeyri-qanunidir".
Hüquqşünasın sözlərinə görə, Rusiyaya müvafiq cavablar verilməlidir:
"Azərbaycanın Rus İcmasının verdiyi bəyanatı da mühüm addım kimi dəyərləndirmək olar. Azərbaycanda yalnız bir Rus İcması var və onun adından heç kim manipulyasiya edə bilməz. Azərbaycan dövləti də öz növbəsində rəsmi şəkildə Rusiya XİN-ə, Müdafiə Nazirliyinə xatırlatmalıdır ki, ölkəmizin ərazisində Rus İcması fəaliyyət göstərir, amma Xankəndidə yaradılan "rus icması” adlı qurum tam qanunsuzdur”.
Qeyd edək ki, Azərbaycanın Rus İcması Qarabağ bölgəsinin "saxta rus icması"nın yaradılmasına qarşı bəyanatla çıxış edib. Sənəddə göstərilir ki, özlərini "rus icması” kimi təqdim edənlərin bəyanatları Azərbaycan Konstitusiyasının normalarına tamamilə ziddir: 
"Azərbaycanda "Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, ölkənin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Bu, ancaq suveren Azərbaycan dövlətinin ərazisində məskunlaşan ayrıca separatçı qrupun xəyallarında mövcuddur". 
Rüfət Sultan