Dünya 13:59 29.07.2023

Kriminal dünyada qanlı savaş gözlənilir - "Qanuni oğru” polislə əlaqədə ittiham olunur

Kriminal dünyanda yeni qarşıdurma gözlənilir. 

Qaynarinfo xəbər verir ki, bu dəfəki qarşıdurmada tərəflər daha amansız ola bilər. Çünki Rusiyanın bir nömrəli "qanuni oğru"su hesab edilən gürcü əsilli Badri Koquaşvili (Badri Kutaisi) hüquq-mühafizə orqanları ilə əlaqədə ittiham edilir. Bu bir "qanuni oğru" üçün kifayət qədər ciddi ittihamdır. İttihamı irəli sürən isə çeçen əsilli "qanuni oğru" Gilani Əliyevdir (Sedoy).

Gilani Əliyev vaxtilə yezidi əsilli "qanuni oğru" Aslan Usoyanın (Ded Xasan) klanında təmsil olunub. Ded Xasan 2013-cü ildə qətlə yetirildikdən sonra onun klanında müəyyən parçalanma baş verib.

Gilani Əliyev Çeçenistanda yaşayıb. Bir müddət Rusiyada olub. Lakin bu ilin əvvəllərində Rusiyanı tərk edib. Özü də saxta sənədlərlə.  Bəzi iddialara görə, o, hazırda Avropadadır. Lakin Əliyevin Çeçenistanda olduğu barədə də məlumatlar var.


Gilani Əliyev

İndi isə keçək çeçen əsilli "qanuni oğru"nun ittihamlarına...

Rusiyanın "Telegram” kanallarında onun Badri Koquaşviliyə ünvanladığı səs yazısı ictimailəşdirilib. Gilani Əliyev həmin səs yazısında faktiki olaraq Badri Koquaşvilini güc strukturları ilə əməkdaşlıqda ittiham edir. Həmçinin açıq şəkildə bildirir ki, Badridən ona dost olmaz. 

"Sən mənim dostum deyilsən. Polislərin dəstəyi-filan, bütün bunlar yaxşdıır. Amma "oğru"ların və qardaşların dəstəyi olmadan heç nə etmək olmaz. Əgər düşünürsən ki, əlaqədə olduqlarının dəstəyi ilə nəsə edə bilərsən, o zaman Allah köməyin olsun”, ddyə Gilani Əliyevə məxsus olduğu bildirilən səs yazısında deyilir.  

Onunla Badri Koquaşvili arasında hansı problemin olduğu barədə heç bir məlumat yoxdur. Amma Badri Kutaisinin kifayət qədər nüfuzlu olduğu və ətrafında kriminal dünyanın əhəmiyyətli hissəsinin yığışdığını nəzərə alsaq, Gilani Əliyevin xırda səbəblər üzündən ona qarşı güc strukturları ilə əməkdaşlıq etmək kimi ciddi ittihamlar irəli sürməyəcəyini deyə bilərik. Bundan əlavə, çeçen əsilli "qanuni oğru" bildirib ki, Badri ilə görüşdə onu sərt suallar gözləyir. 


Badri Koquaşvili

Heç şübhəsiz bu görüş baş tutacaq. Çünki Badri Koquaşvili kimi bir "qanuni oğru"nun bu ittihamları cavabsız qoyacağı inandırıcı görünmür. Bu onun nüfuzuna sarsıdıcı zərbə ola bilər. Həmçinin Gilani Əliyevin ittihamlarının əsassız olmadığına şübhələr artar.

Görüşün sakit keçməyəcəyi indidən bəllidir. Çünki ittihamlar sübuta yetirilsə, Badri Koquaşvili "qanuni oğru" titiulundan məhrum edilməlidir. Bu isə Badri kimi "oğru” üçün ölümdən daha betər qərardır. Ona görə də Badrinin hər vəchlə ittihamların əsassız olduğunu isbat etməyə çalışacağı şühəsizdir. İttihamların əsassız olması sübuta yetiriləcəyi təqdirdə isə Gilani Əliyevin "qanuni oğru" kimi taleyi sual altına düşəcək. 
Beləliklə, indidən düşünmək olar ki, hər iki tərəf özünü haqlı hesab edəcək və bununla da kriminal dünyada yeni amansız və qanlı konfliktin təməli qoyulacaq. 

Seyid