"Kriminal dünya qanunlarla idarə olunmur".
Bunu Qaynarinfo-ya açıqlamasında krimnalist Şəmsəddin Əliyev iki gün öncə Türkiyədə qətlə yetirilən azərbaycanlı qanuni oğru, kriminal aləmdə Lotu Quli kimi tanınan Nadir Səlifovun yerini tutacaq şəxsdən danışarkən deyib.
Şəmsəddin Əliyev hesab edir ki, kriminal dünya qanunla idarə olunmur:
"Onların özlərinin "mətbəxi" və qanunları var. Bu qanunlar istəlinən cəmiyyətdə mövcud qanunlarla ziddiyyət təşkil edir. Onların "razborka”larına baxın, bir-birlərinin axırlarına çıxırlar. Bu, necə dövlətdir, bunlar hansı cəmiyyətin vətəndaşlarıdır? Bunları da məşhurlaşdıran mətbuatdır, müəlliflərdir. Çox təəssüf ki, bizim də əksər gənclərimiz özlərini bunlara oxşatmaq istəyirlər. Öləndən sonra onlara heykəllər qoyulur, dəbdəbəli yas məclisləri verilir”.
Krimnalist qeyd edib ki, dövlətin cinayətkarlığa qarşı mübarizə siyasəti var:
"Bu siyasətin formalaşmasında hər birimiz iştirakçıyıq. Hüquq-mühafizə orqanları isə onun icrasını təmin edirlər. Biz bu siyasətə necə dəstək oluruq? Əksinə, biz cinayətkar aləmi təbliğ edirik. 3-5 il həbsxana şəraitində yaşayanlar azadlığa çıxandan sonra yenidən o həyata qayıdırlar. Gənclər Milli Qəhrəmanlarımıza bənzəmək istəmirlər. Bir hüquqşünas olaraq bunları rədd edirəm. Lotu Quliyə baxın, cavan adam idi, həyatı necə yekunlaşdı. Bunları bu vəziyyətə vadar edən şərait və səbəblər var. Biz o şəraiti öncədən öyrənə bilmirik. Öyrənək və onun qarşısını alaq. Bunun üçün elmi-tədqiqat institutları lazımdır. Oxumuşam ki, Rövşən Lənkəranski atasının qatilinin qisasını alıb, ona görə bu yolun yolçusu olub. Əgər vaxtında məhkəmə qatil haqqında hökm versəydi, bəlkə də Rövşən buna getməzdi. Bunları doğuran səbəb var. Sosial ədalət nə qədər bərpa olmursa, insanlar belə yola gedə bilər”.
Şəmsəddin Əliyev deyir ki, kriminal aləm cəmiyyətə Stalinin vaxtından miras qalıb:
"Digərlərindən qisas almaq üçün bu sistem cəzaçəkmə müəssisələrində yaradılıb. Bunu ləğv etmək lazımdır. Onlara yaxşı gün yoxdur. Onların mətbəxlərində pulların miqdarına baxın. Bu pullar haradandır? Həmin pullar xeyirxahlıq məqsədi ilə toplanmır, kimisə aradan götürmək üçündür”.
O ki, qaldı baş verənlərin kriminal aləmdə yeni bir müharibənin başlanmasına səbəb olacağına, Şəmsəddin Əliyevin fikrincə, bu, ancaq lokal xarakter daşıya bilər:
"Harada bunların "fəaliyyəti” var, orada qanun yoxdur. Onların arasında döyüşun olub-olmayacağı haqda nəsə deyə bilmərəm. Atışacaqlar, qisas alacaqlar. Onlara havadarlıq edənlər var. Mübarizə həm də onlara havadarlıq edənlərə qarşı aparılmalıdır”.
Qeyd edək ki, iki gün öncə kriminal aləmdə Lotu Quli kimi tanınan Nadir Səlifov Türkiyənin Antalya şəhərində qətlə yetirilib.
Bahar Rüstəmli