Siyasət 20:51 01.03.2023

Kubanın Vitse-prezidenti: "Azərbaycanın torpaqlarını azad etməsi tam ədalətlidir"

Martın 1-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Kuba Respublikasının Vitse-prezidenti Salvador Antonio Valdes Mesanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Sahibə Qafarova bu səfərin ölkələrimiz və xalqlarımız arasındakı dostluq münasibətlərinin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Milli Məclisin sədri bildirib ki, ölkələrimiz arasında siyasi əlaqələr yaxşı səviyyədədir. Azərbaycanla Kuba beynəlxalq təşkilatlarda, o cümlədən BMT və Qoşulmama Hərəkatında bir-birini həmişə qarşılıqlı şəkildə dəstəkləyirlər.

Söhbət zamanı S.Qafarova Kubanın Azərbaycanın Qoşulmama Hərəkatına (QH) sədrliyi çərçivəsində irəli sürdüyü təşəbbüsləri, eyni zamanda, ölkəmizin də BMT çərçivəsində keçirilən səsvermələr zamanı Kubanın mövqeyini dəstəkləməsini qeyd edib. O, pandemiyanın ağır dövründə də ölkələrimizin bir-birinə kömək etdiyini, kubalı həkimlərin göstərdikləri dəstəyin Azərbaycanda yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Ölkələrimiz arasında əlaqələrin inkişafında parlamentlərin rolundan danışan Sahibə Qafarova hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının əhəmiyyətini vurğulayıb.

İki ölkənin qanunverici orqanları arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan danışan Milli Məclisin sədri bildirib ki, Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının hazırkı Sədri İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın Parlament Şəbəkəsi yaradılıb. Hazırda Şəbəkənin Bəhreynin paytaxtı Manama şəhərində Parlamentlərarası İttifaqın 146-cı Assambleyası çərçivəsində keçiriləcək ikinci konfransına hazırlıq işləri davam edir.

Görüşdə qonaqlara Azərbaycanın azad edilmiş ərazilərində aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına geri qaytarılması prosesi, işğal dövründə Ermənistanın həmin ərazilərdəki bütün şəhərlərimizi, kəndlərimizi, tarixi, mədəni, dini abidələrimizi yerlə-yeksan etməsi, mina problemi barədə məlumat verilib.

Sahibə Qafarova qeyd edib ki, Azərbaycanın Ermənistanla normallaşma prosesinin təşəbbüskarı olduğunu, ölkəmizin sülh və sabitlik istədiyini vurğulayıb.

Kubanın Vitse-prezidenti Salvador Antonio Valdes Mesa Bakıda keçiriləcək Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə Görüşünə uğurlar arzulayıb. Qonaq diqqətə çatdırıb ki, Kuba qarşılıqlı əlaqələrimizin möhkəmləndirilməsində və genişləndirilməsində maraqlıdır.

Vitse-prezident Azərbaycanın QH-yə sədrliyi dövründə irəli sürdüyü təşəbbüsləri yüksək qiymətləndirib.

Kubalı qonaq, həmçinin qeyd edib ki, Azərbaycanın işğal altında olan torpaqlarını azad etməsi tam ədalətlidir. O, BMT Baş Assambleyasında Kuba ilə əlaqədar təqdim olunan qətnamələrə göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü ifadə edib.