Xəbər lenti

Küveytli namizədin OPEC-ə baş katib seçilməsi nəyi dəyişəcək? - Ekspert
Ekonomiks11:14 04.01.2022

Küveytli namizədin OPEC-ə baş katib seçilməsi nəyi dəyişəcək? - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Haysam əl-Qaysın rəhbərliyi dövründə də neft siyasətində Körfəz dövlətlərinin mövqeyi aparıcı olaraq qalacaq”. 
Bunu Qaynarinfo-ya açıqlamasında neft-qaz məsələləri üzrə mütəxəssis Zəfər Vəliyev OPEC-ə küveytli Haysam əl-Qaysın baş katib seçilməsi fonunda qurum daxilində və onun neft siyasətində hansısa dəyişikliklərin olub-olmayacağına münasibət bildirərkən deyib:
"OPEC tarixində olan bütün rəhbərlər qlobal neft siyasətindən kifayət qədər məlumatlı və səriştəli şəxslər olub. OPEC tarixində ən məsuliyyətli dövr isə Nigeriyadan olan Məhəmməd Barkindonun baş katibliyi dövründə yaşanıb. O, rəhbərlik etdiyi dövrdə neft bazarında mövcud olan qeyri-müəyyən vəziyyəti aradan qaldırmağa nail oldu. OPEC və müttəfiq dövlətlər bazarın tənzimlənməsiylə bağlı uzunmüddətli əməkdaşlıq sazişi imzaladılar. O, qurum daxilində mövcud olan fikir ayrılığını aradan qaldıra bilib. Qurumun növbəti baş katibi Küveytli Haysam əl-Qaysda təcrübəli və səriştəli şəxsdir. Küveytin ortalama neft hasilatı 2,8-2,9 milyon civarındadır. Küveyt digər tərəfdən neft siyasətində Səudiyyə Ərəbistanı və BƏƏ ilə müttəfiq qismində çıxış edir”. 
Bu mənada həmsöhbətimiz düşünür ki, yenidən Fars körfəzi ölkələrindən birinin nümayəndəsinin OPEC-ə baş katib təyin edilməsi qarşıdakı illərdə də sözügedən qurumun neft hasilatı siyasətində müttəfiq dövlətlərlə birgə addımlayacağı anlamına gəlir: 
"Çünki başqa yol yoxdur. Çünki qarşıdakı illərdə enerji məsələsində ənənəvi enerji mənbələrinə dəstək verən ölkələrlə alternativ və bərpa olunan enerji mənbələrinin dəstəkçisi olan dövlətlər arasında bazarlar uğrunda mübarizə güclənəcək”. 
Qeyd edək ki, Neft İxrac Edən Ölkələr Birliyinə (OPEC) üzv ölkələrin energetika nazirlərinin yeni görüşü keçirilib. Görüşdə OPEC-ə yeni baş katibin seçilməsi məsələsinə baxılıb. Sözügedən vəzifəyə yeganə namizəd Küveytin OPEC-dəki sabiq nümayəndəsi Haysam əl-Qays olub və o, baş katib seçilib.
Rüfət Sultan